11:26
(077) 610-22-33

200-dən çox polis əməkdaşı cəzalanıb...

  • >
1 317 30 Sentyabr 2014 17:15 | Cəmiyyət

Cari ilin ötən dövründə Azərbaycanda polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz azalıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bunu bu gün nazirlikdə keçirilən Kollegiya iclasında çıxışı zamanı DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev deyib.

O, qeyd edib ki, eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 30 nəfər xidmətdən xaric edilib, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

R.Musayevin sözlərinə görə, ərazi polis orqanları üçün beynəlxalq standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri tikilib, 24-ü əsaslı təmir olunub. Hökumət və qeyri-hökumət təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmalarına lazımi şərait yaradılıb və təkcə cari ilin 9 ayında onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri keçirilib.

Onun sözlərinə görə, digər tərəfdən, xidməti fəaliyyətin nəticələri barədə əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılması, vətəndaşların ayda iki dəfə həm respublikanın regionlarında, həm də nazirlikdə qəbul edilməsi qanunçuluğun və insan hüquqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edən məsələlər olaraq davamlı surətdə aparılır.

İdarə rəisi bildirib ki, son 2 ilə yaxın müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalıb, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb.

AzNews.az
Bağla X