13:05
(077) 610-22-33

Azərbaycanlılar Dağlıq Qarabağdakı separatçı rejimin vətəndaşlığını aldı

  • >
199 11 May 2013 18:59 | Hadisə

Altı nəfər azərbaycanlı 90-cı illərdən sonra Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma "Dağlıq Qarabağ Respublikası"nın vətəndaşlığını alıb. Modern.az saytı bildirir ki, bu barədə məlumat Dağlıq Qarabağdakı separatçı rejimin "Statistika idarəsinin" açıqladığı hesabatda qeyd olunub.

Sənəddə vurğulanır ki, həmin azərbaycanlıların 1 nəfəri 30-39 yaş arasında, 1 nəfəri 40-49 yaş arasında, 1 nəfəri isə 50-59 yaş arasındadır. 3 nəfər azərbaycanlının yaşı isə 60 yaşdan yuxarı göstərilir.

Bildirilir ki, onlardan 3 nəfəri Xankəndidə, 3 nəfəri isə işğal olunmuş kəndlərdə yaşayırlar.

Məlumatda bu azərbaycanlılar "daimi yaşayan əhali" kimi qeyd olunublar.

Seperatçı rejim azərbaycanlılardan 1 nəfərin ali təhsili, 2 nəfərinin orta ixtisas təhsilli olduğunu bildirir. Bir azərbaycanlı qadın ali təhsilli, bir qadın isə orta ixtisas təhsillidir. Qondarma respublikanın vətəndaşlığını qəbul etmiş azərbaycanlıların adları isə açıqlanmır.

Separatçı rejimin açıqladığı məlumata görə, hazırda Dağlıq Qarabağda 137 min 737 nəfər yaşayır. Bunlardan 137 min 380 nəfərinin ermənilər olduğu bildirilir. Ermənilərlə yanaşı, işğal olunmuş ərazilərdə 6 azərbaycanlıdan başqa, 171 nəfər rusun, 21 ukraynalının, 22 yunanın, 12 gürcünün də yaşadığı qeyd olunub. 125 nəfər isə digər xalqların nümayəndələridir. Separatçı rejimin öznünküləşdirdiyi ərazidə yaşayan əhalinin 47 minini 20 -35 yaş arasında olan gənclər təşkil edir.

Məlumatda vurğulanır ki, münaqişə nəticəsində Azərbaycanın ayrı-ayrı yerlərindən köçüb gələn 6253 nəfər erməni Dağlıq Qarabağda məskunlaışb. Bundan başqa, 668 nəfər məcburi olaraq digər yerlərdən Dağlıq Qarabağa gəliblər. 28 min 514 nəfər isə digər səbəblərdən yaşayış yeri kimi Dağlıq Qarabağı seçib.

"Hesabat"da qeyd olunur ki, Dağlıq Qarabağda yaşayan ermənilərin 17 min 568 nəfəri ali təhsilli, 20 min 568 nəfəri orta ixtisas təhsillidir. 7935 nəfər erməninin isə ibtidai təhsili belə, yoxdur. Bunların sırasında savadsız erməni qadınlarının sayı da çoxdur. 4 min doqquz erməni qadınının ibtidai təhsli yoxdur. Bununla yanaşı, ali təhsillilər arasında milliyətcə 28 rus və 2 gürcü var.

80-ci illərin sonunda erməni separatçılarının Azərbaycanın ərazi bötövlüyünün pozulması ilə nəticələnmiş müharibəsi nəticəsində Dağlıq Qarabağda separatçı rejim formalaşıb. Ermənistan bu separatçı rejimi bütün beynəlxalq normalara zidd olaraq Azərbaycan SSRİ-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-1991-ci illərdə mövcud olmuş inzibati ərazisində yaradıb.

1992-1993-cü illərdə erməni silahlı qüvvələri Dağlıq Qarabağa bitişik Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını da işğal ediblər.

Qeyd edək ki, hələ 1923-cü il iyulun 7-də Moskvanın diktəsilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb. Ermənistan və Azərbaycan arasında 1987-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi 1991-ci ilin sonunda tam miqyaslı müharibəyə çevrilib.

26 noyabr 1991-ci ildə ləğv edilən DQMV-nin ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

1989-cu ilin rəsmi məlumatına görə, keçmiş muxtar vilayətdə 187 min 769 nəfər yaşayıb. Onlardan 145 min 403 nəfəri erməni, 40 min 316 nəfəri azərbaycanlı olub. Xankəndində 52 min 607 erməni, 3385 azərbaycanlı olub. Şuşada isə 1430 erməni və 18 min 679 nəfər azərbaycanlı yaşayıb.

Sənəddəki rəqəmlərdən görünür ki, münaqişə başlanan vaxtdan bu yana ermənilərin sayında azalma baş verib. Azərbaycandan gedən ermənilər isə Dağlıq Qarabağı yaşayış yeri kimi seçməyiblər.

AzNews.az
Bağla X