Mülayim hava şəraiti davam edəcək

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısı şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 17-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yaxın 2-3 gün ərzində mövcud hava şəraiti davam edəcək.

AzNews.az