11:16
(077) 610-22-33

Elçin Şıxlı: “Bankların üstünə hücuma keçməliyik”

  • >
2 109 23 Avqust 2012 14:15 | İqtisadiyyat

“Jurnalistlərə kreditin verilməməsini dəhşətli vəziyyət adlandırıram”



Mətbuatda, telekanallarda, küçə və metrolarda kreditlə satılan avadanlıqların-kompüter, notebook, netbuk, televizor, mobil telefon, soyuducu, qaz piltəsi, kondisioner, yataq, yumşaq və mətbəx dəstinin reklamını görəndə bir başa orada göstərilən ünvana getmək istəyirsən.

"AzNews.az" olaraq həmkarlarımızın bir neçəsi ilə yolumuzu kreditlə avadanlıqlar satan mağazalar şəbəkəsindən saldıq. Satıcılarla söhbətdə məlum oldu ki, sən demə, bu avadanlıqları almaq reklam çarxlarında göstərildiyi kimi asan deyilmiş.

Hətta araşdırma zamanı məlum oldu ki, bankların böyük əksəriyyəti jurnalistlərə kredit ayırmaq fikrində deyil. Mağaza sahibləri məsələni bankla araşdırmağımızı desələr də, əks tərəfdən xoşagəlməyən cavab aldıq: "Bank olaraq jurnalistlərə kredit ayırmaq fikrimiz yoxdur. Birincisi, onların kredit alması üçün pulları yoxdur, əksəriyyəti rayon qeydiyyatındadır. Onların kredit alması üçün bir yol var-mətbuata cavabdeh olan şəxslər banklarla müqavilə bağlamalıdır".

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının sözlərinə görə, onun rəhbərlik etdiyi qurum bu günə kimi belə bir problemlə qarşılaşmayıb: "Sözün düzü, nə mən, nə də rəhbərlik etdiyim qurumda çalışan jurnalistlər belə problemlə üz-üzə gəlməyib.

Ümumiyyətlə, belə problemin olmasından indi xəbərdaram. Əgər belə bir hal doğrudan da varsa, bu çox pisdir. Hətta mən bunu dəhşətli vəziyyət adlandırıram. Çünki vətəndaşları peşəsinə görə seçmək düzgün deyil. Jurnalistlər də bu cəmiyyətə məxsusdur. Biz vəzifəsindən və peşəsindən asılı olmayaraq, hər kəsə qiymət verməyi bacarmalıyıq. Bir halda ki, jurnalist kredit almaq üçün banklara müraciət edir, deməli o, aldığı avadanlığın maliyyəsini də ödəyəcək. Əgər belə bir hal varsa, yəni, jurnalistlər kredit ala bilmirlərsə, məsələni mətbuat və televiziya səviyyəsində qaldırıb səs salmalıyıq. Kredit verən bankların nümayəndələrini dəyirmi masaya dəvət etməli, problemin kökünü tapmalıyıq. Hətta lazım gəlsə, bankların üstünə mətbuat vasitəsilə hücuma da keçməliyik. Nəyə görə siz jurnalistlərə kredit vermirsiniz?".

Banklarda da əslində bu məsələyə münasibət birmənalı deyil. Daha doğrusu, jurnalistlərə kredit verməmək üçün fərqli bəhanələrdən istifadə edirlər.

"Bank of Baku"un məlumat şöbəsinin məsələyə münasibəti heç də anlaşılan olmadı: "Jurnalistlərin "Bank of Baki" ilə müqaviləsi yoxdur. "Kredit isə bağlanılmış müqavilə əsasında verilir. Peşəsindən asılı olmayaraq, vətəndaşlarla müqavilə bağlamağı bank rəsmisi tərəfindən seçilir. Əgər jurnalistlərlə müqavilə bağlansa, o zaman onlar asanlıqla kredit ala bilər".

"Bank Standart"dan isə peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq, müraciət edən hər bir şəxsə kredit verdiyini bildirdilər. Bu şərtlə ki, kredit üçün banka müraciət edən hər bir şəxs aşağıdakı sənədləri təqdim etməlidir:

1. İş yerindən arayış,
2. Kredit alana zamin duran şəxs,
3. Bakı qeydiyyatı.


Bunlar rəsmi cavablardır. Əlbəttə ki, banklardan jurnalistlərə kredit verməməyin səbəblərini göstərəcəklərinə ümid etmirdik. Çünki burada əsaslı səbəb ola bilməz. Amma bu reallıqdır ki, bütün banklarda iş yerindən arayışda hansısa qəzetin, saytın adını görən kimi kredit verməkdən birmənalı olaraq imtina edilir.

Mövzuya qayıdacağıq.

Lalə
AzNews.az

Bağla X