11:23
(077) 610-22-33

Sosial şəbəkələrin qazandığı milyonlarla vergi - ARAŞDIRMA

  • >
1 385 18 Aprel 2014 09:45 | Maraqlı

Sosial şəbəkələr artıq həyatımızın tərkib hissəsinə çevrilib. İnsanlar sosial şəbəkələrdən müxtəlif məqsədlərlə istifadə edirlər. Artıq qlobal şirkətlər öz reklam siyasətlərini sosial şəbəkələrdə həyata keçirir, müştəri bazasını burada formalaşdırırlar. Bəs şirkətlərin reklam üçün sosial şəbəkələrin büdcəsinə keçirdiyi milyonlarla vergi necə hesablanır? Qanunvericilikdə bu necə tənzimlənir? Sosial şəbəkələrin yerli ofislərinin açılması vacibdirmi? Bu kimi suallara cavab axtardıq.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən Aktual.az-a bildiriblər ki, əgər həmin şəbəkələrin yerli ofisi açılarsa, o Azərbaycanın rezidenti olacaq və biz onu vergiyə cəlb edəcəyik: "Burada əsas məsələ vergilərin idarəetmə yeri üzrə vergiyə cəlb olunmasıdır. Hazırda bu, dünyada ən aktual problemdir. "Facebook", "Google", "Tvitter" və.s kimi sosial axtarış sistemlərinə malik şəbəkələr mərkəzi ofislərini İrlandiyanın ofşor zonalarında seçirlər. Misalçün, "Google"-un baş ofisi "Google-irland" deyilən bir şirkətin tabeliyindədir. Onlar yerli dövlətlərdə öz ofislərini açmırlar. Çünki vergini birbaşa yerləşdikləri dövlətə ödəyirlər. Azərbaycanda yerli ofisləri olmadığı üçün onların vergiyə cəlb edilməsi mümkünsüzdür. Əgər həmin şəbəkələrin ofisi açılarsa, o Azərbaycanın rezidenti olacaq və biz onu vergiyə cəlb edəcəyik. Amma elektron ticarətlə bağlı müəyyən tənzimləmələr var. Azərbaycanda şirkət var ki, satışını sosial şəbəkə vasitəsi ilə həyata keçirir və dövlətə vergi ödəyir".

Ekspert Eltən Qədimbəyli hesab edir ki, kommersiya fəaliyyəti ilə məşğul olan digər xarici şirkətlər kimi sosial şəbəkələr yerli ofislərini yaratmalı və dövlətə vergi ödəməlidir: "Bununla bağlı müəyyən qanunvercilik bazası işlənib hazırlanmalıdır. Bu sahədə boşluqlar movcuddur. Sosial şəbəkə adminstrasiyaları buna müəyyən siyasi don geyindirməyə çalışacaq, lakin istənilən xarici şirkət başqa ölkə ərazisində kommersiya fəaliyyəti götərirsə, həmin dövlətin qanunlarına riayət etməlidir. Azərbaycanda bir çox şirkətlər var ki, sosial şəbəkədə reklam üçün pul ödəyir. Bu pullar birbaşa sosial şəbəkələrin büdcəsinə gedir və buradan heç bir vergi ödənmir. Yeni biznes sahəsi olduğu üçün vergi qanunvericiliyində dəyişikliklərə ehtiyac var. Avropa ölkələrində olduğu kimi, sosial şəbəkələr Azərbaycanda da yerli ofislərini yaratmalıdırlar. Bu həm də təhlükəsizlik baxımından əlverişlidir. O mənada ki, hazırda bir çox insanların profilləri "hack" olunur. Dəfələrlə şəbəkə adminstrasiyasına şikayət edilməsinə baxmayaraq, heç bir faydası olmur. Bakıda sosial şəbəkələrin ofisi olarsa, şikayətlər də öz həllini qısa zamanda tapar. Bu həm də sosial şəbəkənin göstərdiyi xidmətin keyfiyyətini artırmış olar. Artıq qardaş Türkiyə bu məsələ ilə bağlı müəyyən işlərə start verib. Azərbaycanda da bu istqamətdə addım atılmasını vacib hesab edirəm".

"Qafqazinfo"nun baş direktoru Elbrus Ərud isə sosial şəbəkələrin azad fəaliyyət göstərməsinin tərəfdarıdır: "Dövlətin daxili işlərinə qarışmayan, sadəcə internet resursu olan, azadlığın, demokratiyanın elementi olan heç bir sosial şəbəkəyə, heç bir sayta məhdudiyyət qoyulmasının tərəfdarı deyiləm".

AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlu da məsələyə fərqli şəkildə yanaşaraq deyir ki, vergi ödənişinin tətbiq olunması sosial şəbəkələrin fəaliyyətinə mənfi təsir göstərməyəcəksə, normal təklifdir: "Ərdoğanın sosial şəbəkələrə "barmaq silkələməsindən" sonra orada belə bir qaydanın tətbiq edilməsinin gündəmə gəlməsi, əlbəttə, bir qədər təzyiq mexanizmi fikrini yaradır. Əgər bu niyyət yoxdursa və bu qaydanın tətbiqi həmin sosial şəbəkələrin fəaliyyətinə mənfi təsir göstərməyəcəksə, normal təklifdir. Heç bir mənfi təsir olmadan büdcəyə əlavə gəlir gələcəksə, niyə də olmasın. Hər halda belə bir məsələ Azərbaycanda gündəmə gələrsə, hökmən bu sahənin mütəxəssislərinin fikri nəzərə alınmalıdır".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Aktual.az-a Azərbaycanın internet bazarının beynəlxalq şirkətlər üçün əlverişsiz olduğunu söyləyib: "Qlobal şirkət kimi fəaliyyət göstərən "Facebook", "Tvitter" və bunların misalında başqaları üçün Azərbaycanın internet bazarı çox kiçikdir. Yəni Azərbaycan bazarı kifayət qədər inkişaf səviyyəsinə gəlib çatmayıb ki, burada istər maliyyə cəhətdən, istər infrastruktur cəhətdən böyük gəlişmələr olsun. Amma sosial şəbəkələrin reklamdan götürdüyü gəlirlərlə bağlı ciddi düşünmək lazımdır. Bu istiqamətdə qanuvericilikdə müəyyən əlavələr və ya dəyişiklər olunmalı və bu, bir sistem olaraq işlənməlidir".

Yazar, Ann.az saytının baş redaktoru Zahir Əzəmət də qeyd edib ki, belə bir addım indiki halda sosial şəbəkələrə sərf etməyəcək: "Əgər Azərbaycan "Facebook"u bağlayıb burada ofis açıb, vergi ödəmək şərtini irəli sürərsə, düşünürəm, buna maraq göstərilməyəcək. Çünki Azərbaycanda reklamdan götürülən gəlirin məbləği ofis xərclərini ödəmək civarında deyil. "Facebook" və ya "Twitter" Avropa Birliyi ölkələrində öz ofislərini açıb vergi ödədikləri kimi, Azərbyacan da eyni məntiqlə bunu etməlidirlər. Ancaq virtual məkan olduğu üçün tənzimləmək qeyri- mümkündür. Bunun hüquqi baxımdan tətbiqi vacibdir. Azərbaycanla bağlı gəlir götürülürsə, dövlətə vergi ödənilməlidir".

"Medianews.az" saytının rəhbəri Ələsgər Süleymanov deyir ki, sosial şəbəkələr "Laməkan"dı: "Nə vergi? Onu qeydiyyatdan keçirən adam yalnız öz ölkəsində əldə etdiyi gəlirdən vergi verə bilər. sosial şəbəkənin rəhbəri qeydiyatdan keçmiş bir fiziki şəxsdirsə, öz gəlirlərini göstərib, öz vətənində vergi verə bilər. Məsələn, Azərbaycan dilli bir səhifənin administratoru Amerikada da otura bilər, onda necə olacaq? O vergini hara verəcək - Amerikaya yoxsa Azərbaycana? Fikrimcə, sosial şəbəkələrə birmənalı şəkildə vergi tətbiq etmək mümkün deyil. Yalnız həmin administratorlar öz gəlirləri barədə deklarasiya təqdim edib, ondan vergi ödəyə bilər və bunu elan edə bilərlər".

AzNews.az
Bağla X