IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı

Gənc rejissorların nəzərinə: “START” başladı - Müsabiqə

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı

14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbuluna start verildi.

Festivalın Təşkilat Komitəsinin AzNews.az-a verdiyi məlumata görə “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Filmlər iki əsas - beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə keçirilən “Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaqlar.

Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər.

Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı yerli rejissorlar da iştirak hüququna malikdirlər.

Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar bədii, sənədli, cizgi və eksperimental filmlərini 5 oktyabr tarixinə kimi təqdim edə bilərlər.

Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. Yerli müsabiqədən fərqli olaraq beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.

Onlayn rejimdə aparılacaq “Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq.

Bundan başqa festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədi ilə ilk dəfə Pitçinq elan edir.

Festivalın əsas nominasiyalarından əlavə yerli müsabiqədə “Ən yaxşı prodüser”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları da yer alır.

Bu ildən etibarən festivalın qaliblərinə “Qızıl nar” mükafatı təqdim olunacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.

AzNews.az