17:27
(077) 610-22-33

Nərgiz Cəlilova: “Televiziya adamın canını alır” – Müsahibə

  • >
673 6 Noyabr 2013 11:10 | Mədəniyyət

Aparıcı Nərgiz Cəlilovanın AzNews.az-a müsahibəsi:


- Bu gün televiziya işçilərinin peşə bayramıdır. Bu günlə bağlı düşüncələrinizi bilmək istərdim. Belə bir gündə Nərgiz Cəlilovanı yada salan varmı?

- Televiziyanın 57 yaşı tamam olur. Onun 30 ilini mən televiziyada çalışmışam. Yəni, bu gün həm də mənim yubileyimdir. Nə gözəl hadisədir. Mənim üçün ikiqat bayramdır. Bütün həmkarlarımı təbrik edirəm. İlk öncə onlara cansağlığı arzulayıram. Televiziyada çalışanlar üçün cansağlığı çox vacibdir. Çünki orada çalışanlar hər zaman üzdədir. Mən peşə bayramımızla bağlı artıq dünəndən təbrik zəngləri alıram. Rayonlardan gələn zənglərin sayı-hesabı yoxdur. Uzun vaxtdır ki, mən rayonlara "master-klas"lara gedirəm.

Xaçmazdan zəng etdilər, müsahibə istədilər. Bu gün səhər həmin müsahibə onların televiziyalarında yayımlandı. Bizim iş mürəkkəbdir. O qədər işim olur ki, hərdən belə günləri unuduram. Dərhal yadıma düşmür. Təqvimə baxanda görürəm ki, belə günlər var.

Bir çox kanallardan televiziyanın peşə bayramı ilə bağlı mənə dəvət gəldi. Əsasən də səhər kanalları. Sadəcə mən o kanalların heç birinə gedə bilmədim.

- Səbəbini bilmək olar? Küskünlük demək olarmı buna?

- Yox, belə də deməyək. Mənim yaxın dostum Zülfiyyə xanımın anası dünyasını dəyişib. Bu gün onlarda yas mərasimi var. Yəni orada olacağam. Amma axşam Azad Azərbaycan Televiziyasında qonaq olacam.

Orada Nailə Muradxanlının "Günlərin bir günü" adlı layihəsi efirə gedəcək. Bilmirəm ki, bu təsadüfdən irəli gəlib, yoxsa belə hesablanıb. Mənə bu xoş oldu, bütün həmkarlarıma təşəkkür edirəm ki, belə gündə ən çox yada düşən diktorların arasında mənim də adım var. Bu hər kəsə nəsib olmur.

- Uzun müddətdir ki, telekanallarda yoxsunuz. Uzaqdan telekanllara baxanda nə görünür?

- Əlbəttə ki, inkişaf. İnkişafsız ola bilərmi? Mən televiziyaya gələndə bir kanal vardı. Əgər bu necə illər ərzində Azərbaycan kanallarının sayı 7-8-ə çıxıbsa, artıq regional televiziyalar fəaliyyətə başlayıbsa, deməli inkişaf var. Bilirsiniz nə gözəl regional televiziyalar var? Onlarda olan şərait heç yerdə yoxdur. Hər birində gənc kadrlar işləyirlər.

- Peşəkarlıq baxımından vəziyyət necədir?

- Təbii ki, telekanalların sayı artdıqca kənardan elə başa düşülür ki, bu sahədə böyük pərakəndəlik var. Amma əslində, hər bir kanalda peşəkarlar tapa bilərsiniz. Təbii onların arasında bu sahəyə təsadüfən düşən uşaqlar da var. Bu da normal şeydir. Bütün dünyada bu belədir. Ümumilikdə götürəndə pərakəndəlik, qeyri-peşəkarlıq hər yerdə, hər sahədə var. Televiziya tək aparıcılardan ibarət deyil.

- Nərgiz Cəlilova nə vaxt televiziyaya qayıdacaq? Amma qonaq qismində deyil, aparıcı kimi.


- İndi yox. Mən "Pəncərə"dən sonra bir balaca fasilə verdim, kanallardan uzaqlaşdım. Bunu mənə çox sual verirlər. Yeni bir proqram, yeni bir layihə hazırlamaq üçün mütləq uzaqlaşmaq və yeniliyə hazır olmaq lazımdır. Yeni bir şey olmalıdır. Televiziya hər zaman cəmiyyətdən öndə gedir.

Televiziyaya yeni bir şeylə gəlmək lazımdır. Qismət, mütləq olacaq. Buna inanıram. İşlərim də çoxdur, tədbirlərimin sayı-hesabı yoxdur. Konsertlər də var. Mən dinc oturan adam deyiləm, daima axtarışdayam. Proqram hazırlamaq üçün gərək, çox şeydən azad olasan. Mənim də ona zamanım yoxdur. Televiziya adamın həm canını alır, həm də zamanını.

Bahar Rüstəmli
AzNews.az
Bağla X