16:50
(077) 610-22-33

Hamburqda Azərbaycan gecəsi keçiriləcək

  • >
581 4 Dekabr 2013 14:51 | Mədəniyyət

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir. Növbəti tədbirin Almaniyanın Hamburq şəhərində keçirilməsi nəzərdə tutulur. Bu barədə Fonddan məlumat verilib.

Fondun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə dekabrın 5-də Avropanın ən böyük liman şəhərlərindən biri olmaqla, "dünyaya açılan şəhər" kimi tanınan qədim Hamburqda Azərbaycan gecəsi keçiriləcək.

Hamburqun tarixi "Börsensaal" zalında təşkil olunacaq gecədə rəsm və foto sərgiləri və bu işlərin foto-proyeksiyaları təqdim olunacaq.

Stendlərdən birində ölkəmizdə Almaniya mövzusunda ənənəvi keçirilən "Almaniya bir rəssamın gözü ilə" adlı sərgi-müsabiqələrdə qalib gəlmiş istedadlı gənclərin rəngkarlıq işləri nümayiş olunacaq. Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərin təqdimatı bundan əvvəl Ştutqart və Köln şəhərlərində də baş tutub.

Tədbirdə nümayiş olunan digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək. Fotoşəkillər vaxtilə Avropanın ən böyük və müasir mis əridən zavodunu Gədəbəydə inşa edən Simmens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşam tərzindən bəhs edir.

Hamburqdakı Azərbaycan gecəsi virtuoz caz ifaçı İsfar Sarabskinin konsert proqramı ilə başa çatacaq.

AzNews.az
Bağla X