İran xarici işlər naziri Davosa və Münhenə gedəcək

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 22-23-də İsveçrənin Davos şəhərində keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunda iştirak edəcək.

APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Avropa və Amerika regionu üzrə müavini Məcid Təxti Rəvançı bildirib.

Onun sözlərinə görə, İran xarici siyasət idarəsinin rəhbəri həmçinin 31 yanvar – 2 fevral tarixlərində Almaniyanın Münhen şəhərində keçiriləcək beynəlxalq təhlükəsizlik konfransına qatılacaq.

M.T.Rəvançı gələn həftə M.C.Zərifin Latın Amerikası turnesinə çıxacağını da deyib: "Bu səfər on gün davam edəcək. İranın xarici işlər naziri səfər çərçivəsində Kuba, Venesuela, Boliviya və digər ölkələrdə olacaq".


AzNews.az