Son 20 ildə 1 milyondan çox insan intihar edib

Rusiyada son 20 ildə intihar edən insanların sayı açıqlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünyada ən çox intihar hadisələrinin baş verdiyi ölkələrin siyahısında 14-cü sırada qərarlaşan Rusiyada son 20 ildə 1 milyondan çox insan öz həyatına qəsd edib.

Rusiya Səhiyyə Nazirliyinin sosial problemlər mütəxəssisi Boris Polojnı bildirib ki, son illərdə intihar hadisələrinin sayı azalsa da, ölkədə sosial problemlər davam edir. O, Rusiyanın 10-cu sıradan 14-cı sıraya gerilədiyini, ancaq intihar probleminin həlli mərhələsindən çox uzaqda olduqlarını bildirib: "Şimali Qafqaz və mərkəzi regionlarda vəziyyət nisbətən yaxşıdır. Sibir, Uzaq Şərqdə hər 100 min insandan 30 nəfəri intihar edir. Bu rəqəm Tuva, Buryatiya və Çuxotkada 60 nəfərə qədər yüksəlir".

Rusiyada kişilər qadınlara nisbətdə 5 dəfə çox intihar edirlər. Gənclər arasında intihar hallarının yayıldığını söyləyən B. Polojnı Rusiyada hər 100 min gəncdən 16 nəfərinin intihar etdiyini bildirib.

AzNews.az