“ARB Ulduz”un “Şou-məkan” proqramı bu dəfə sənətçilər arasında maraqlı sorğu keçirib. “ARB Ulduz”un “Şou-məkan” proqramı bu dəfə sənətçilər arasında maraqlı sorğu keçirib.

Məşhurlar ilk dəfə hansı yeməyi bişiriblər? - Video

“ARB Ulduz”un “Şou-məkan” proqramı bu dəfə sənətçilər arasında maraqlı sorğu keçirib.

Belə ki, hər zaman səhnə fəaliyyətləri, ifaları və görünüşləri ilə diqqət çəkən məşhurların bişirdikləri ilk yeməyin hansı olduğu məlum olub.

Artıq sənətdə sözünü demiş tanınmışlar hətta uşaq yaşlarında yemək bişirdiklərini söyləməklə yanaşı, üstəlik iki sözün arası gənclərə daş atmaqdan da çəkinməyiblər.

Könül Kərimova: “Bişirdiyim ilk yemək dolma olub. Dolmanı çox sevirəm. Ümumiyyətlə, ən çox bişirdiyim bu yeməkdir. Üstəlik anamın yanında oturub qaydası necədirsə, öyrənmişəm. Altıncı sinifdə oxuyanda bişirmişəm. İndiki uşaqlar altıncı sinifdə oxuyanda heç yumurta bişirməyi belə bilmirlər. Hətta mən üçüncü, dördüncü sinifdən yeməklər bişirirdim”.

Mətanət İsgəndərli: “İndiki qızlar baxırsan 25-26 yaşları var. Bir dənə qayğanağı belə bişirə bilmirlər. Ancaq bu, düzgün deyil. Bilmirsən ki, sabah necə olacaq. İlk dəfə şorba bişirmişəm. O zaman üçüncü sinifdə oxuyurdum”.

Hər halda bişirdiyi ilk yeməyi ya öz qabağına, ya da ki başqasının önünə qoyub qara-qara düşünənlərlə yanaşı, yumurta və kartofla süfrə açanlar da az olmayıb.

Sevda Yahyayeva: “Bişirdiyim ilk yemək kartof qızartması olub. Onun da yarısı bişmişdi, yarısı isə çiy idi. Ancaq indi qəşəng kartof qızartmağım var”.

Elçin Cəfərov: “Uşaqlarla qalanda sosiska və yumurta bişirmişəm”.

Sözsüz ki, tanınmışların hamısı bu qədər asan menyu ilə insan qabağına çıxmayıblar. Onlardan bəziləri hətta elə yeməklər bişiriblər ki, həmin təamı dadanlar yeməyi çox bəyəniblər.

Aysel Əlizadə: “Evdə heç kim olmayıb. Düşünmüşəm ki, nəsə bişirim. Anamın bişirdiyi yeməyi gözümün qabağına gətirmişəm. Plov bişirmişəm. Anam gəldi. Baxmayaraq ki, şəkər xəstəliyi var, ancaq həmin yeməkdən iki boşqab yedi. Dedi ki, mən bu yaşa qədər gəlmişəm, ancaq sən məndən də dadlı bişiribsən”.

Lalə Məmmədova: “21 yaşımda balıq ləvəngisi, plov bişirmişəm. 21 yaşımda ilk dəfə məsuliyyətlə nəsə bişirmişəm. Ondan öncəkiləri isə xatırlamıram”.

Lətifə Soyuöz: “İlk dəfə ailə quranda yemək bişirmişdim. Çox gözəl alınmışdı. O zaman mən yemək bişirməyi, ümumiyyətlə, bacarmırdım. Kartof, makaron, sucuk qarışdırmışdım, üstünə də pendir tökmüşdüm. O qədər bəyənilmişdi ki, hətta demişdilər ki, “Bunu sən bişirməmisən?””.

Lətifə kimi yeməyin içində aləmi bir-birinə qatıb nəticədə normal bir yemək ərsəyə gətirən Nazim də bişirdiyi ilk yemək haqda yaman ürəklə danışıb.

Nazim: “İlk dəfə kükü bişirmişəm. Göyərtilərin hamısını bir-birinə qatıb, xırda xırda doğruyub şit yağla tavada bişirmişəm Normal bir yemək alındı. Ac qalmadıq”.

Hamı, yaxşı və ya pis, bişirdiyi yeməyi xatırlasa da, Nura Surinin ilk əl işi yəqin elə də ürəkaçan olmuyub ki, yadında da qalmıyıb.

Nura Suri: “İlk dəfə nə bişirdiyim yadımda deyil. Bir onu bilirəm ki, ilk dəfədən heç nə yaxşı alınmır. Davamlı etməlisən ki, yaxşı alınsın”.

AzNews.az