Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin doğum günüdür. Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin doğum günüdür.

“Qarşıdan tamamilə yeni dönəm gəlir” - Partiya sədri üçün özəl gün

Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin doğum günüdür.


48 yaşlı partiya sədri AzNews.az-a bildirib ki, adı günlərdən fərqli olaraq, doğum günündə fərdi tarixçə gündəmə gəlir: "Bəlkə də adi günlərdə yada düşməyən həyati vəzifələr, etdiklərin və edə bilmədiklərinin siyahısını gözdən keçirirsən. Həyat axarında bir yerdə görmədiyin yaxınlarını masa ətrafında toplayır, eşitmədiklərinin səsini eşidirsən. Yəqin, illər keçdikcə, doğum günü daha çox hesabat günü xarakteri alır".

Ə.Əliyev qarşıdakı ildə xeyli planlarının olduğunu söyləyib: "Ailəmlə bağlı planlarım var, onların həyata keçməsinə çalışacağam. Bundan başqa siyasi arenada qərarlarımızın şahidi olacaqsınız. Qarşıdan tamamilə yeni mərhələ - neft pullarının tükəndiyi dönəm gəlir. Siyasi coğrafiyamızda tamamilə yeni dizayn formalaşır. ABŞ-da bölgəmizə xüsusi münasibəti olan xanım Klinton iqtidar olacaq. Türkiyə dövlət olaraq, yeni keyfiyyət mərhələsinə yüksəlmək iddiasını ortaya qoyub. Bu hadisələrin biri bəs edərdi ki, bölgədə siyasətin dəyişəcəyini proqnoz edək. Əminəm ki, bu hadisələr kaskadı Azərbaycana da təsirini göstərəcək. Hakimiyyətin referendum ideyası, dünən MSK seminarında rəsmilərin mövqeyi dediklərimin təsdiqidir. YAP siyasi trendi müxalifətdən tez duyur və hazırlıqlara başlayıb".

Ə.Əliyev qeyd edib ki, siyasi təşkilatlar yeni dövrün tələblərinə uyğun təşkil olunmalıdır: "Bu günə olan təşkilatlanma modeli-siyasi partiyalar düzəni yeni dövrün yükünü darta bilməyəcək. Yeni formatlar axtarılmalı, təşkilati şəkillənmə yeni siyasi fazaya uyğun qurulmalıdır. Çalışacayıq bunu edək. Planlarımız belədir. Zaman qiymətini verər. Mən tələsənlər qrupuna aidəm. Əslində hamı zamanın amansız şəkildə axdığının fərqindədir. Sadəcə olaraq özlərini endirmirlər. Əgər belə davam etsə, müxalifət əməli vəzifələrini icra etməsə, hələ bu durum çox davam edə bilər. Düzdür, obyektiv proseslərin də getməsi lazımdır. Misal üçün neft pullarının tükənməsi əsas obyektiv amillərdəndir. Çünki qazanılmamış bu izafi vəsait cəmiyyətin siyasi fəallığına eybəcər şəkildə təsir göstərə bilib. İnşallah digər amillər də iqtidarın əleyhinə olan müxalifətin xeyrinə dəyişməkdədir".



Qeyd edək ki, Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1991-ci ildə AzTU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb. Hal-hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir. Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 2005-ci ildə AMİP-in qurultayında partiyanın sədri seçilib. Partiyadakı fikir ayrılığına görə, Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədri olub. 2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) "İnsan Naminə" seçki blokuna rəhbərlik edib. Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib.

Bahar RÜSTƏMLİ
AzNews.az