15:40
(077) 610-22-33

Azərbaycanda fəaliyyət göstərən partiyalar inqilabçı deyillər

  • >
486 14 Fevral 2013 09:23 | Siyasət

Müasvat başqanı İsa Qəmbərin "Qafqazinfo"ya müsahibəsi:

- İsa bəy, sizin ölkə gündəmini zəbt edən Əkrəm Əylislinin "Daş yuxular" əsəri barədə mövqeyiniz aydındır. Bu əsər kontekstində başqa bir məsələni sizdən soruşmaq istəyirəm. Belə bir fikirlər var ki, "Daş yuxular" hakimiyyətlə işbirliyi nəticəsində seçki ərəfəsində ortaya çıxmış bir əsərdir. Nə dərəcədə realdır?

- Bu versiyalar inandırıcı görünmür.

- Sizcə, Əkrəm Əylisli bu əsəri yazmaqla nəyə nail ola bildi?

- Mən bu əsər haqqında fikirlərimi bölüşmüşəm. Bildirmişəm ki, bu mövzuya nöqtə qoymaq bizim tərəfimizdən daha düzgün olar. Ona görə də bu mövzuda söhbətin daha da genişləndirilməsinə ehtiyac duymuram.

- Etiraf etmək lazımdır ki, mövcud hakimiyyətin informasiya siyasəti yaxşı işləyir. Bir hadisə ilə bir neçə gün gündəmi zəbt etmək mümkündür. Belə olan halda müxalifətin informasiya siyasəti əks mübarizədə aktiv görünmür...

- Əgər siz hakimiyyətin hansısa siyasətinin güclü olmasını etiraf etmək istəyirsinizsə, edin. Amma mən buna ehtiyac duymuram. Gündəm anlayışına yanaşmamız fərqlidir. Gündəm günün mövzusu və ya mövzuları deməkdir. Belə olanda da günün mövzuları fərqli və müxtəlif olacaq. Hər gün hansısa təbii, obyektiv hadisələrlə yaxud kiminsə addımı ilə gündəmə yeni mövzular gələcək. Buna sakit yanaşmaq lazımdır. Gündəm bizim hədəflərimizi dəyişə bilməz. Müsavat Partiyasının və bizimlə bir yerdə olan qüvvələrin hədəfi ölkədə köklü demokratik dəyişikliklərə nail olmaqdır. Günün mövzuları bu hədəfdən bizi heç bir şəkildə yayındıra bilməz. Faktiki olaraq gündəmə yeni mövzular gəldikcə ehtiyac olarsa, ona münasibət bildirələcək və yolumuza davam edəcəyik.

- Bu gündəm hadisələrinin kontekstində Ermənistanda prezidentliyə namizəd Ayrikyan bəyan etdi ki, Sumqayıt hadisələrini Moskva törədib. Amma hamının başı bu əsərə elə qarışdı ki, bu açıqlamaya fikir verən olmadı. Yəni bu məqamdan piar kimi istifadə edə bilmədiniz...

- Ayrikyan Ermənistanın dissidentlərindən biridir. O hələ 80- cillərin sonundan tanınmağa başlamışdı. Hələ o zaman da kifayət qədər erməni cəmiyyətindən fərqli fikirlər söyləyirdi. Qarabağ məsələsində Moskvanın xətti ilə yox, Azərbaycanla anlaşaraq hərəkət etməyi təklif edirdi. 1915-ci hadisələri ilə bağlı Türkiyə xalqı ilə münasibətlərin yaxşılaşdırılması yolu ilə hərəkət etməyi təklif edirdi və kifayət qədər fərqlənirdi. O fərqli mövqeyini bu günə qədər də qoruyub saxlayır. Zaman-zaman obyektiv, gerçəkliyə uyğun bəyanatlar verir. Bu da Azərbaycan mediasında əksini tapıbdır. Biz müxalifət partiyası olaraq öz hədəfimizə doğru gedirik və hər hansı şəxs bəyanat veribsə və bu mediada işıqlanıdırılıbsa cəmiyyətin buna nə dərəcədə diqqət yetirməsi artıq cəmiyyətə aid olan məsələdir. Cəmiyyət hər hansı hadisəyə əlavə sual vermirsə və yenidən o mövzuya dönmürsə bizim təkar- təkrar medianın işinə qarışıb həmin informasiyanı yenidən gündəmə daşımağımız qeyri-ciddi görünərdü.

- Mən belə hesab etməzdim. Çünki həqiqətən də o açıqlamadan piar kimi istifadə etməyin məqamı idi. Çünki "Daş yuxular"da Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyi iddia olunur.

- Ayrikyanın bu istiqamətdə açıqlamaları ilk dəfə deyil. Bu məsələ ilə bağlı Aslan İsmayılovun ciddi araşdırması olub. Kitab hazırlayaraq onu cəmiyyətə təqdim edib. Əgər biz o mövzunu diqqətdə saxlamaq istəyiriksə, məhz o kitabı yada salmalıyıq. Çünki orada detallı araşdırma var və bütün əsas sualların cavabı da orada verilib.

- Hafiz Hacıyev ciddi olaraq qulaq kəsmə əməliyyatına start verib. Bunu necə qiymətləndirirsiniz?

- Problem hakimiyyətdədir. Bu cür situasiyaları yaranmasına imkan verən və ona reaksiya verməyən hakimiyyətdir.

- Necə hesab edirsiniz "Daş yuxular" mövzusu qapanırmı yoxsa , "Möhtəşəm tıxac"la yenidən gündəm ola bilər?

- Oxumayan adamların buna reaksiya verməsinə bir o qədər sıcak baxmıram. Həm kitabın üzərinə hücum edənlərin, həm də kitabı müdafiə edənlərin içində təəssüf ki, hələ də oxumayanlar oxuyanlardan daha çoxdurlar. Və "Möhtəşəm tıxac" ı oxuyanların sayı isə yəqin ki, ümumiyyətlə azdır. Ona görə də o kitab oxunandan sonra bu mövzu yenidən fəallaşacaq.

- Yəni ədəbiyyat seçki ilinin gündəmini zəbt etməkdə davam edə bilər...

- Gündəmə yeni mövzular gələ bilər. Amma prosesdə iştirak edən hər tərəfin hədəfləri var. Və bu qüvvələr də öz hədəflərinə uyğun şəkildə gündəmə təsir edirlər. Gündəmin yaratdığı situasiyaları idarə etməyə çalışırlar. Hakimiyyət gündəmin bu mövzusundan öz maraqları üçün demokratik düşərgəyə, azad düşüncəli insanlara hücum üçün sui-istifadə etməyə çalışır. Biz isə həqiqəti deməklə cəmiyyətə bu məsələyə düzgün münasibət bildirmək şansı yaradırıq və yolumuza davam edirik.

- Lənkəran səfərinizə toxunmaq istəyirəm. Sərdar Cəlaloğlu sizi ittiham edir ki, Lənkərana təkrar səfər etməyinizlə gündəmi İsmayıllı hadisələrindən yayındırdınız...

- Bu gündəm mövzusu çox genişlənib və anlaşılmaz hala gəlibdir. Mən gündəm məsələsinə münasibətimi bildirdim. Dedim ki, biz gündəmi dəyişmirik, gündəmi zənginləşdiririk. Mənim üçün hədəfimiz önəmlidir. Hədəfim ölkədə köklü demokratik seçkilərə nail olmaqdır. Bunun üçün işləmək lazımdır. Bunun istiqamətlərindən biri də cəmiyyətimizlə, xalqımızla təmaslardır, söhbətlərdir. Mən də bu istiqamətdə çalışıram. Ona görə də kimin nə fikirdə olmasından asılı olmayaraq mən xalqımızla, vətəndaşımızla təmaslara davam edəcəm və buna səy göstərəcəm.

- İP KŞ-nın iclaslarının birində qeyd etmisiniz ki, Azərbaycan xalqı ümumxalq hərəkatına hazırdır. Belə olan halda niyə Lənkəran xalqı sizi qarşılamadı?

- Məni yanvarın 27-də Göytəpə yol polis məntəqəsində saxlamışdılar. Qısa müddətdə ora yerli əhalidən yüzlərlə insan gəlmişdi. Ora yolun ortasıdır. Yaşayış məntəqəsi deyil. Göytəpə kəndinə yaxın bir yerdir. Amma yüzlərlə yerli insan yaxınlaşdı və polis onları uzaqlaşdırmağa çalışırdı. Çünki insanların əksəriyyəti ilk öncə vəziyyətlə maraqlanmağa çalışırdı ki, nə baş verir, burada niyə belə bir gərginlik yaranıb. Amma vəziyyətdən xəbərdar olan kimi normal münasibət bildirdilər ki, Müsavat sədri bölgəyə gedir və bunun qarşısını niyə alırlar deyə etirazlarını bildirirdilər. Amma bizi qarşılayanlar Lənkəranda toplaşacaqdılar. Lənkəranda həm müsavatçılar, həm də demokratik düşərgənin, yerli əhalinin nümayəndələri mənimlə görüşdə iştirak etmək niyyətində idilər və böyük bir görüş alınacaqdı. Əslində hakimiyyət bundan çəkindiyi üçün mənim səfərimin qarşısını aldı. Bu baxımdan əhalinin münasibəti müsbət idi. Əslinə qalsa hakimiyyət yanlış addımları ilə səfərin önəmini artırdı. Tutaq ki, mən gedəcəkdim Lənkərana. Yer versəydilər bizə, o zalın həcmində görüş keçirəcəkdik. Yer verməsəydilər, müsavatçılardan, dostlarımızdan birinin evində 100-150- nəfərlik görüş keçirəcəkdik. Amma hakimiyyətin davranışı nəticəsində elə bir vəziyyət yarandı ki, Salyandan Astaraya kimi bütün bölgə əhalisi bildi ki, Müsavat başqanı Lənkərana səfərə çıxıbdır. Lənkəran müsavatçıları və əhalisi ilə görüş keçirmək istəyir. Hakimiyyət isə buna imkan vermir. Təbii ki, bu onlarda haqlı narazılıq yaradır. Əvvəla, bizim Lənkəran bölgəsində kifayət qədər tərəfdarımız var. Seçkilərdə o bölgə əhalisi bizə yüksək səviyyədə səs veribdir. Biz ora gedəndə qonaqpərvərlik göstəribdir. İkincisi də ki, lap tutaq ki, Müsavatın yox ,başqa bir partiyanın tərəfdarı olan vətəndaşdan söhbət gedir, yaxud ümumiyyətlə seçimini etməmiş vətəndaşdan söhbət gedir. Adamlar hamısı fikirləşirlər ki, axı burda nə problem var ki, Bakıdan tanınmış bir siyasətçi gəlir bura və bizlə görüşmək istəyir. Əhali prinsip etibarilə bütün tanınmış partiya liderləri ilə, tanınmış insanlarla görüşə maraq göstərir ki, öz suallarını versinlər, sözlərini desinlər, bilsinlər ki, bu tanınmışlar xalqa nə təklif edir. Həmin bölgədə o gün çox böyük bir canlanma yarandı. Bu da hakimiyyətin yanlış addımının nəticəsidir.

- Bölgələrə yenidən səfəriniz planlaşdırılırmı?

- Təbii. Konkret səfərlərimiz var və onlarla bağlı hazırlıqlar davam edir.

- Lənkərana yenə gedəcəksiz?

- Bu planımızda var. Çünki Lənkəran əhalisi ilə görüşmək qərarımız var. Və o qərarımızı da reallaşdıracağıq. Və bu bizim burdakı məsləhətləşmələrdən, Lənkərandakı müsavatçılardan və digər dostlarımızdan asılıdır.

- İsa bəy, bütün bunlar müəyyən qədər göstərir ki, xalq hakimiyyətdən narazıdır, amma bu müxalifətə də inanmır.

- Hardan bu sorğunu keçirtmisiniz və nəticəni əldə etmisiniz ? Xalqın qəzəbi bəllidir. Amma xalqın müxalifətə tərəf olmadığını hardan öyrənmisiniz?

- Bəy, müxalifətdaxili intiriqalar bunu göstərir. Hələ də müxalifətin birliyinə nail olunmayıb. Cəmiyyətin böyük bir kəsimi müxalif qüvvələrin hamısını bir yerdə görmək istəyir.

- Bu da çox gözəldir. O deməkdir ki, cəmiyyət bütövlükdə hakimiyyətin, vəziyyətin dəyişməsini istəyir. İnsanlar da hakimiyyətin vəziyyətin dəyişməsinin yollarından biri kimi də demokratik düşərgənin toparlanmasını görür. Bu çox müsbət hadisədir.

- Sizcə bu dəfəki seçkidə vəziyyətin və hakimiyyətin dəyişməsi mümkün olacaqmı?

- Hesab edirəm ki, 2013-cü ildə ölkədə dəyişiklik olması ehtimalı kifayət qədər yüksəkdir. Həm dünyadakı, həm də bölgəmizdəki azadlıq dalğası təsirlidir. Həm də ölkədə xalqın vəziyyətdən narazılığı o qədər yüksək səviyyədədir ki, bu il ölkədə köklü dəyişikliklərin olacağı kifayət qədər yüksək ehtimala malikdir.

- Böyük bir sıçrayışın, oyanışın baş verməsi üçün nə lazımdır?

- Bu proses gedir. Cəmiyyətdə fəallaşma göz qabağındadır. Hər kəsin qeyd etdiyi kimi, təkcə bu ilin yanvar ayındakı cəmiyyətin ictimai-siyasi fəallığına diqqət yetirsək, bu ilin fərqli bir il olduğunu hər kəs qəbul edə bilər. Bu proses gedir və getdikcə geniş vüsət alacaq və ilin seçki ərəfisində xalqın toparlanmasının, demokratik düşərgənin bütünləşməsinin şahidi olacağıq. Yalnız hakimiyyətin apardığı zorakılıq xətti və repressiya qərarları elə bir vəziyyət yarada bilər ki, ölkədə dəyişiklik seçki ərəfisində deyil, ondan xeyli əvvəl başlasın. Bu da istisna olunmur. Çünki hakimiyyət öz repressiya qərarları ilə xalqı, cəmiyyəti daha da qəzəbləndirir.

- Repressiyadan söz düşmüşkən, Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsdən azad olunması istiqamətində hansı işləri görürsünüz?

- Hazırda bu istiqamətdə proses gedir. Tofiq və İlqar bəyin yaxşı vəkilləri var. Prosesi biz ictimaiyyətə və beynəlxalq birliyə çatdırmaq istiqamətində müəyyən addımlar atmışıq. Artıq beynəlxalq birliyin də reaksiyaları var. Həm hüquqi, həm siyasi, həm də informasiya istiqamətində apardığımız işlər davam edəcək.

- Ola bilərmi ki, seçkiyə kimi hər iki şəxs həbsdə qalsın?

- Nəzəri cəhətdən hər şey mümkündür. Mən inanıram ki, bizim fəallığımız, atdığımız addımlar və beynəlxalq birliyin mövqeyi Tofiq Yaqublunun, İlqar Məmmədovun və digər siyasi məhbusların mümkün qədər tez azadlığa çıxmasına səbəb olacaq.

- Belə bir mənzərə yaranıb ki, hakimiyyət Müsavat başqanından daha çox Tofiq Yaqublu və onun ailəsindən narahatdır.

- Müsavat partiyasından hər zaman siyasi məhbuslar olub. 2 aprel məhbuslarının önəmli bir hissəsi müsavatçılar idi. Arif bəy, Tural bəy və digər müsavatçılar həbsdə idilər. Hakimiyyətin Müsavata qarşı aqressiv və düşməncəsinə münasibəti heç kim üçün sirr deyil. İndiki mərhələdə təbii ki, bir ailədən iki nəfərin əsassız olaraq həbsdə saxlanması ümumiyyətlə bu hakimiyyətin təkcə hüquqi və siyasi yox, mənəvi baxımdan da çox yanlış mövqedə olmasının sübutudur.

- Niyə hər hansı müsavatçı həbs olunanda dərhal beynəlxalq təşkilatlara onun azad olunması üçün müraciətlər edilir? Belə fikirlər var ki, o qurumların Azərbaycan hakimiyyəti ilə maraqları artıq təmin olunub. Digər tərəfdən bu insan inqilabçıdırsa, həbsdə olması qeyri-adi deyil...

- Azərbaycan ATƏT-in, Avropa Şurasının üzvlüyünə daxil olanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Həmin beynəlxalq təşkilatlar da öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Onların bu məsələlərdə fəallıq edib mövqe bildirməyi təbiidir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti öz öhdəliklərini yerinə yetirməməklə təkcə Azərbaycan xalqına zərbə vurmur, öz maraqlarına da ciddi zərbə vurur. Və bunun da nəticələrini biz görməkdəyik. Sözün dəqiq mənasında Azərbaycanda fəaliyyət göstərən partiyalar inqilabçı deyillər. Bu qüvvələr ölkədə köklü islahatların həyata keçirilməsini istəyirlər. İkincisi, biz XXI əsrdə yaşayırıq. Dünya çox balacalanıb və dünyanın hər bir nöqtəsində, ölkəsində, şəhərində baş verən hadisələr dünyanı maraqlandırır. Ona görə də biz özümüzlə qalan dünya arasında sovet dövründə olduğu kimi dəmir pərdə yaratmaq haqqında düşünmürük. Əksinə, bu dünya ailəsinin bütünləşib daha yaxşı dünya halına gətirilməsinə çalışırıq.

- Görünən nəticələr hansılardır?

- Artıq beynəlxalq birlikdə bu rejimin XXI əsrə layiq olmayan rejim kimi qiymətləndirilməsi prosesi başa çatıbdır.

- Azərbaycanda demokratiya qurmaq Amerikaya maraqlıdırmı?


- Maraqlıdır. Hər bir sistem özünün mümkün qədər geniş yayılmasını istəyir ki, daha rahat mövcud ola bilsin. Amerika, Avropa demokratiyanı qurublar. Onlar bu demokratiyanın bəhrələrini kifayət qədər hiss edirlər. Eyni zamanda onlar görürlər ki, dünyanın başqa bölgələrində azadlıq olmayanda, insanların haqları tapdalananda o ölkələrdə elə vəziyyət yarana bilər ki, o Amerika və Avropa xalqlarının da maraqlarına zidd ola bilər. Onların təhlükəsizliyinə təhdid olar, xalqların firavan yaşamasına problem yaradar.

- Seçkilərə hazırlaşırsınızmı? İctimai Palatanın seçki qərargahının hələ də formalaşmaması nə ilə bağldır?

- İctimai Palatada seçkilərdə bilavasitə iştirakla bağlı qərar veribdir və Müsavat Partiyası mənim namizədliyimi irəli sürübdür. Müsavat Partiyası həm partiya miqyasında, həm də müttəfiqlərimizlə birgə seçkilərə hazırlıq prosesi başlayıb. Seçki qərargahının qurulmasına başlanılıbdır. İctimai Palatanın seçki qərargahı isə təkcə Müsavatdan deyil, hamımızdan asılıdır. Bu istiqamətdə qərarlar qəbul etməyə hazır olanda təbii ki, o addımlar da atılacaq.

- DQMM Nümayəndələr palatası yaratdı. Sizcə, buna ehtiyac var idimi?

- Hər bir siyasi qüvvənin, partiyanın müstəqil şəkildə qərar qəbul etmək hüququ var. Ona görə də biz başqa qüvvələrin qərar qəbul etmək azadlığına hörmətlə yanaşmalıyıq.

- Mətbuat seçki ərəfəsində Rusiyanın təxribat törədəciyindən yazır. Əsasən yaz aylarında şimal sərhədindən hücumların baş tutacağı haqqında informasiya var. Bu məsələni nə dərəcədə real hesab etmək olar?

- Mətbuatda çıxan informasiyalara təbii ki, biz diqqətlə yanaşırıq. Bu kimi məsələlər və bundan sonra gedəcək proseləri də biz müşahidə edəcəyik. Mən düşünmürəm ki, Rusiya Azərbaycanın sərhədlərini pozmaq dərəcəsində hər hansı bir addım ata. Sadəcə olaraq Rusiya və Azərbaycan arasında bir sıra problemlərlə yanaşı, Rusiya hakimiyyəti ilə Azərbaycanın mövcud hakimiyyəti arasında bir sıra ziddiyətlər mövcuddur. Və görünür ki, bu da müəyyən dərəcədə bu mövzuda yeni çalarlar yaradır. Prosesə baxacağıq . Əgər Rusiya tərəfindən və ya hər hansı başqa dövlət tərəfindən Azərbaycanın müstəqilliyinə real təhlükə yaranarsa, aydın məsələdir ki, o təhlükənin qarşısının alınması istiqamətində Müsavat Partiyası hər zaman öndə olub və olacaq da.

- Söyün Sadıqovun hakimiyyətə qarşı açıqlamalarını necə qiymətləndirirsiniz?

- Söyün Sadıqov Rusiya hakimiyyətinə kifayət qədər yaxın bir adamdır. Təbii ki, onun açıqlamalarında da Rusiya hakimiyyətinin mövqeyini müşahidə etmək mümkündür. Və aydın məsələdir ki, Azərbaycan hakimiyyəti ölkədəki vəziyyətə və onun müdafiəsinə məsuliyyət daşıdığı üçün bu istiqamətdə verilən açıqlamalara diqqətlə yanaşmalı və harada təhlükə yaranarsa, zəruri tədbirləri görməlidir.

- Ola bilərmi ki, seçkiyə yaxın bir müddətdə heç kəsin gözləmədiyi bir qüvvə meydana çıxsın?

- Ehtimal nəzəriyyəsi cəhətdən hər şey mümkündür. Amma adətən ehtimal nəzəriyyəsində az ehtimal olunan variantlar yox, çox ehtimal olunan variantlar keçərli olur.

- Görsəniz ki, o qüvvə daha çox güclüdür və sizdən daha çox şeyə nail ola bilər. O qüvvənin ətrafında toplaşarsınızmı?

- Ətrafında toplaşmaq nə deməkdir?! Yəni biz Azərbaycanda köklü demokratik dəyişikliklərin olmasını və ölkəmizin, xalqımızın probelmlərinin həll olunmasını istəyirik. Bu istiqamətdə çalışırıq. Əgər kimsə bunu bizdən daha yaxşı bacaracağını sübut edəcəksə, təbii ki, o adama biz dəstək verəcəyik.

- Ziya Göyalpın yaxşı bir fikri var. O deyir ki, "Sakın hakkım var demə, çünki hakk yox, vazifa vardır". Hazırda İsa bəyin haqqından daha çox, vəzifəsi nədir?

- Mənim əsas vəzifəm ölkənin aparıcı qüvvəsi olan Müsavat Partiyasının ideallarının, proqramının həyata keçirilməsidir. Və yüziillik Müsavat Partiyasının proqramının, idealların həyata keçirilməsi elə Azərbaycan xalqının xoşbəxtliyi deməkdir.

- İdeallardan söz düşmüşkən, ideologiyasız bir partiyanın nəyəsə nail olması mümkündürmü?

- İdeologiya ideyaların sistemli toplusu deməkdir. İdeyası olmayan partiya nəyə nail ola bilər?

- İsa bəy Azadlıq radiosuna verdiyiniz müsahibələrin birində qeyd etdiniz ki, mövcud hakimiyyət islahatlara gedərsə, ölkədə dəyişiklik olarsa biz yerimizdə qalmağa razıyıq. Axı xalqın hakimiyyətdən narazı olduğunu deyirsiniz. Belə ola halda İsa Qəmbər bunu necə deyə bilər?

- Bu məqam bizim İctimai Palatanı qurmağa başlayandan sonra söylədiyimiz fikirlərə aiddir. Biz demişdik ki, əgər ölkədə real islahatlar olmayacaqsa, azadlıqların, hüquqların çərçivəsi genişləndirilməyəcəksə, bu ölkədə inqilabi hərəkat qaçılmazdır. Hakimiyyəti islahatlara, konkret qərarlar verməyə çağırmışdıq. Amma zaman bitmək üzrədir. Hakimiyyətin yanlış mövqeyi elə məqama gətirib çıxarıb ki, bundan sonra hakimiyyətin hər hansı islahat addımı atacağına inanmaq qeyri-mümkündür. Buna baxmayaraq biz hər zaman həqiqəti demək zorundayıq. Ölkəni yaranmış böhranlı vəziyyətdən xilas etmək lazımdır. Və xilas etmək məsuliyyətini biz hər zaman öz üzərimizdə görürük. Eyni zamanda hər hansı başqa qüvvə böhranın aradan qaldırılması, proseslərin düzgün istiqamətdə yönəlmiş addım atacaqsa, təbii ki biz bunu qiymətləndirəcəyik.

- Gənclərdən danışmaq istəyirəm. Müxalif düşərgədə gənclərin siyasi cəhətdən savadlılığı sizi qane edirmi?

- Bütövlükdə hakimiyyətin yanlış siyasəti nəticəsində təhsil bərbad vəziyyətdədir. Amma bu günki gəncliyin iki üstün imkanı olubdur. Birincisi, bu günki gənclik müstəqil Azərbaycanda yaşayır. İkincisi isə bu gənclərin öz üzərində işləməsi üçün internetdən, mediadan informasiya alması üçün və dünyanın ən müxtəlif universitetlərində təhsil alması üçün imkanları olub. Buna görə də kifayət qədər savadlı gənclik yetişib. Mən bütövlükdə gəncliyin səviyyəsindən və mövqeyindən razıyam. Eyni zamanda istərdim ki, ölkəmizdə təhsili elə bir səviyyəyə qaldıraq ki, bu yüksək savad gəncliyin bir hissəsinə aid olmasın. Hər bir kəsə aid olsun.

- Bəy elə görünür ki, müxalif gənclər aksiyada iştirak etməklə siyasəti bitmiş hesab edirlər...

- Məncə siz düzgün görmürsünüz. Gənclərimiz aksiyalara da çıxırlar, müxtəlif istiqamətlərdə addımlar da atırlar, maarifçiliklə, cəmiyyətə yardım göstərməklə də məşğul olurlar. Hər bir vətəndaşımızın probleminə sahib də çıxırlar və cəsarətlə buna qarşı mübarizə aparırlar. Mən bunu yüksək qiymətləndirirəm.

- "Gunxeber.com" saytında müxalifətin hakimiyyətə gələndə hansı şəxlərin hansı vəzifə tutacaqları ilə barədə geniş siyahı yayılıb. Siz prezidentsiniz. Məsələn , Arif Hacılı PA-nın rəhbəridir və.s. Siyahıyla sizi də tanış edə bilərəm...

- Mənə dedilər ki, bir saytda kölgə kabineti haqda yazı çıxıbdır. Aydın məsələdir ki, bu Müsavatın və ya İctimai Palatanın hazırladığı bir siyahı deyil. Bu çox yəqin ki, jurnalistlərin hazırladığı bir siyahıdır və ya kiminsə təxəyyülünün məhsuludur.

- Bəs o siyahıdakı vəzifələrin sahiblərinin həmin postu tutmaları üçün nə qədər vaxt lazımdır?

- Nə zaman ki, biz öz kölgə kabinetimizi, hakimiyyətə gələcəyimiz təqdirdə müəyyənləşdirəcəyimiz kabineti cəmiyyət təqdim etmək məqamının yetişdiyini hesab etsək, o zaman da müvafiq siyahı ortaya çıxacaq.

- Cəbhə xəttində Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb. Bu nə deməkdir? Qarşı tərəfə güc nümayişimi, yoxsa müharibə başlaya bilərmi?

- Müharibənin başlaması ehtimalı çox aşağıdır. Mən ehtimal vermirəm ki, nə Azərbaycan, nə də erməni tərəfi hərbi əməliyyatlara başlasınlar. Amma ehtimal nəzəriyyəsinə görə hətta 1 faiz ehtimal olunan variant da gerçəkləşə bilər. Ona görə də hər zaman diqqətli olmaq lazımdır.

- Biz torpaqlarımızı nə vaxt qaytara biləcəyik?

- Azərbaycan xalqı özü öz hakimiyyətini seçəndə.

- Buna az qalıb, ya çox?

- Hesab edirəm ki, az qalıb. Yolun çoxunu getmişik, azı qalıb..

AzNews.az
Bağla X