10:24
(077) 610-22-33

Fərəc Quliyev: “Hürüşünü bilməyən it örüşə qurd gətirər”

  • >
442 22 Fevral 2013 17:10 | Siyasət

Gürcüstan mətbuatının yazdığına görə, Rusiya Azərbaycanlıları İttifaqının sabiq rəhbəri Söyün Sadıqovun göstərişinə əsasən "Müstəqil Borçalı"nın xəritəsi, himni və gerbi hazırlanıb. Gürcüstanda yaşayan soydaşlarımızın adının hallandırıldığı bu hərəkət Azərbaycanda ciddi narazılığa səbəb olub və bir çox ictimai-ciyasi təşkilatlar tərəfindən qınaq obyektinə çevrilib.

Milli Dirçəliş Hərəkat Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bu məsələlərin indi ortaya atılmasının təxribat olduğunu düşünür.

Millət vəkilinin sözlərinə görə, Borçalıda yaşayan azərbaycanlıların adından müstəqillik iddiasının ortaya atılması Cənubi Qafqazda yeni konflikt ocağı yarada və nəticədə soydaşlarımız tarixi topraqlarından sıxışdırılıb çıxarıla bilər: "Bununla da həm tarixi torpaqlarımızda kompakt yaşamaq imkanımızı itirər, həm Cənubi Qafqazdakı milli hegemonluğumuza kölgə salar, həm də ölkəmiz yeni qaçqın problemləriylə zəif düşər. Odur ki, belə məsələlərin ortaya atılması düşmən dəyirmanına su tökən addımdır. Atalar demişkən hürüşünü bilməyən it örüşə qurd gətirər. Məlum ideyanın Rusiya kəşfiyyat orqanlarına və rəsmilərinə bağlı olan Söyün Sadıqov tərəfindən ortaya atılması da planın Azərbaycanın milli maraqlarına zidd dairələrdə hazırlandığı ehtimalını artırır. Ona görə də soydaşlarımızı ehtiyatlı olmağa və Azərbaycan hakimiyyətini məsələyə münasibət bildirməyə çağırıram".

Gültəkin
AzNews.az


Bağla X