Cəmi bir-iki ay bundan əvvəl Moskva-Tehran-Ankara üçbucağı siyasi gündəmdə özünə elə yer etmişdi ki, hamımız onunla bağlı planlar qurur və ehtimallar söyləyirdik. Cəmi bir-iki ay bundan əvvəl Moskva-Tehran-Ankara üçbucağı siyasi gündəmdə özünə elə yer etmişdi ki, hamımız onunla bağlı planlar qurur və ehtimallar söyləyirdik.

Moskva-Ankara-Tehran üçbucağı unuduldumu?

Cəmi bir-iki ay bundan əvvəl Moskva-Tehran-Ankara üçbucağı siyasi gündəmdə özünə elə yer etmişdi ki, hamımız onunla bağlı planlar qurur və ehtimallar söyləyirdik.

Kimi bu geosiyasi ücbucağın Suriya probleminin həllinə çox yaxın olduğunu deyir, kimi regionda yeni geosiyasi arxitekturanın yaranmasından yazır, kimi də yeni üçbucağın regional münaqişələrin həllinə cəlb edilməsi imkanlarını, məsələn, Dağlıq Qarabağ problemində ondan nə dərəcədə yararlanmaq mümkün olmasını araşdırmaqla məşğul idi.

Etiraf etmək lazımdır ki, sadalanan istiqamətlərin hər biri üzrə yeni geosiyasi üçbucağın xeyli potensial imkanları vardı. Amma ABŞ-ın Suriya səmalarını raketlərlə “örtmə”sindən sonra bu mövzuda söhbətlər sanki bircə anın işində qeybə çəkildi, heç elə bil ki, nə sürəkli görüşlər vardı, nə yeni-yeni planlar qurulurdu, nə də real geosiaysi üçlük - sanki bütün bunlar jurnalistlərin uydurması idi...

Nə baş verdi? Doğrudanmı, ABŞ kiçik bir müdaxilə ilə bütün bunlara son qoydu?

Yox, düşünmürük. Əksinə, bizə elə gəlir ki, Vaşinqton özünü elə bir vaxtda çatdırdı ki, artıq bir az əvvəldə qeyd etdiyimiz “üç qardaş” arasında daxili ziddiyyətlər baş qaldırmağa başlamışdı.

Lap əvvəldən deyirdik ki, bu üçbucaqla bağlı uzunmüddətli planlar və proqnozlar qurmaq lazım deyil. Çünki əvvəldən aydın idi ki, bu, potensial və strateji rəqiblərin müvəqqəti ittifaqıdır. Ona görə də heç bir halda nəticələrlə bağlı tələsmək lazım deyil.

Hələ ABŞ-da planlar cızılarkən Rusiya mətbuatında bəzi həyəcanlı çağırışlar diqqətimizi cəlb etmişdi. Kremlə yaxın politoloqlar elə hey yazırdılar ki, Suriyada şiə İranının güclənməsi Rusiyanın marağına cavab vermir.
Daha sonra isə politoloqlar deyil, artıq diplomatlar da danışmağa başladılar və bir gün eşitdik ki, S.Lavrov Türkiyədən Afrini B.Əsədə qaytarmağı tələb edib. Kim bilir, bu ziddiyyətlər tez zamanda böyüyüb nəyə çevriləcəkdi? Amma regiona ABŞ-ın yeni müdaxiləsi başladı və üçbücağın hər tərəfi deyəsən başa düşdü ki, hələ bölüb-bölüşmək tezdir.

Beləcə, məsələ konservasiya olundu; indi nə ücbucaqdan danışan var, nə də dördbucaqdan...

Biz üç ölkə arasındakı mümkün ziddiyyətləri yenidən özümüz üçün təsnif etməyə çalışdıq.

Məsələn, Rusiya ilə Türkiyə arasında ixtilaf yaradan bir xeyli məqam var: Afrin məsələsi, B.Əsədlə bağlı fikir ayrılığı, Türkiyənin NATO və ABŞ-la müttəfiqliyə son qoyacağı haqda ümidlərin puç olması, Krımla bağlı fikir ayrılıqları, Cənubi Qafqazdakı münaqişələrə fərqli baxış, kürd məsələsinə fərqli yanaşma, eləcə Afrinin demoqrafik mənzərəsilə bağlı ziddiyyətli məqamlar...

İranla Rusiya arasında da bir xeyli ziddiyyətlər var ki, onları artıq qismən qeyd etmişik. Bura bir daha İranla Suriya arasındakı məzhəb yaxınlığının Kremldə yaratdığı xofu və Tehranın kürd avtonomiyasına qarşı olmasını qeyd etmək olar.

Ona görə də təkrar demək olar ki, ABŞ özünü lap “vaxtında” yetirdi, yoxsa “üç qardaş” biri-birinə qarşı savaşa çıxacaqdı. Amma nə qədər ümid yaranmışdı...

Məsələn, hətta biz də düşünürdük ki, “məngənə”yə düşən və xilasını yaxın geosiyasi regionla sıx əməkdaşlıqda görən Kremli Tehranın və Ankaranın köməyilə bir az “sıxaraq” Dağlıq Qarabağ problemində daha konstruktiv siyasət yürütməyə razı salmaq mümkün olacaqdır.

Gəl ki, artıq bu, haqda da ciddi danışmaq olmur, çünki Moskva-Tehran-Ankara üçbucağını formalaşdıran, onu şərtləndirən ən əsas müstəvilərdən birində - Suriya məsələsində tamam qeyri-müəyyən vəziyyət yaranıb.
İkincisi, qardaş Türkiyədə artıq erkən seçkilərə hazırlıq görülür. Seçki isə elə bir işdir ki, daha çox işlərin yekunlaşdırılmasını tələb edir, nəinki yeni işlərə, yeni-yeni risqlərə start verilməsini...

Üçüncüsü, Kremlin də başı qarışıb. Bir tərəfdən yeni sanksiyaları gözləyir, o biri tərəfdən də hələ də D.Trampa ümid edirlər. Bu yerdə demək lazım gəlir ki, Tramp da bu imidləri qismən doğruldur.

Bu yaxınlarda o, bir qərarı ilə Rusiyaya qarşı sanksiyalara müvəqqəti “stop!” dedi. Amma Tramp əvvəlki çabalarında davam etsə də, yenə də “Rusiya ilə dil tapmağın”, Putinlə görüşməyin vacib olduğunu israr etsə də, ətrafındakı kadrların çoxu qatı rusofoblardır.

Ona görə də belə təsəvvvür yaranır ki, Tramp könülsüz şəkidlə anti-Rusiya qərarları qəbul etməklə, bir tərəfdən “ABŞ hərb və siyasət maşını” qarşısında aciz olduğunu göstərir, digər tərəfdən isə V.Putinlə hipotetik görüş ərəfəsində sonuncunu küncə sıxmaqla daha çox nəticə əldə edəcəyini düşünür.

Olsun. Biz təhlilçilər dünya siyasətinə korrektələr etmək gücündə deyilik və bircə onu deyə bilərik ki, şahmatda olduğu kimi, regionda da oyun artıq başlamışdı və hətta bir-iki gediş də edilmişdi, amma fiqurları təzədən geri çəkdilər...

Hüseynbala Səlimov
AzNews.az