07:34
(077) 610-22-33

"Türkiyə-Azərbaycan birliyini heç vaxt pozmaq mümkün deyil" - Akademik Akif Əlizadə

  • >
144 14 Sentyabr 16:33 | Siyasət

"BAKININ ERMƏNİ-BOLŞEVİK İŞĞALINDAN AZAD EDİLMƏSİNİN 100 İLLİYİ" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

"Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması üçün kifayət qədər işlər aparıb və həmin dövrlə bağlı yeni faktlar üzə çıxarılıb".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini vurğulayan A.Əlizadə bildirib ki, AXC-nin Azərbaycan tarixində müstəsna rolu var: "Bu cümhuriyyətin yaranması dünyaya bir Azərbaycan dövlətinin yarandığını elan edib və tarixə öz adını həkk etdirib". Akademiya prezidenti Bakının işğaldan azad edilməsində AXC-nin böyük rolunun olduğunu da nəzərə çatdırıb. A.Əlizadə əlavə edib ki, Bakının işğaldan azad edilməsi AXC-nin paytaxtının Gəncədən Bakıya köçürülməsinə imkan yaradıb: "15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir. Bakının azad edilməsi ilə şəhər Azərbaycan paytaxtına çevrildi və erməni-bolşevik dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımlar dayandırıldı".

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov isə bildirib ki, Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir. Onun sözlərinə görə, Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir. Y.Mahmudov qeyd edib ki, uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olmuş Bakı 1918-ci ildə yenidən paytaxt statusu alıb.

Tarixçi alim qeyd edib ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən işğaldan azad edib və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarıb. Nuru Paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda və Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bilməzdi. Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən, generallarımız çox böyük rol oynadı. Nuru Paşa uzun hərbi xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə və onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşırdı. Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi və Qafqaz İslam Ordusunun Cənub qrupunun rəhbəri idi".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarının qatılacağı çox böyük tədbirlər keçiriləcək: "Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq". Səfir qeyd edib ki, həm Türkiyə, həm də Azərbaycan üçün 100-cü ildönümün təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır: "Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər".

E.Özoral 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 100-cü ildönümü olduğunu da xatırladıb: "Təbii ki, bunda Türkiyənin də payı var. Bu da 1918-ci il 15 sentyabr tarixində Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsidir. Bu, bizim qardaşlıq münasibətləri baxımından çox önəmli bir yer tutur. Bunun 100 illik bir tarixi olsa da, hazırkı müstəqil Azərbaycanın yolunu açan çox önəmli hadisə olub. Bu dəstək Türkiyə üçün qürur mənbəyidir. Bu şərəfli tarixin qeyd olunması üçün uzun müddətdir hazırlıqlar aparırıq. Bu ilin əvvəlindən səfirlik tərəfindən Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib".

"Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılması heç də təsadüfi deyil. Bununla dünyaya bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdiririk. Bu birlik sarsılmazdır". Bunu isə Baş nazirin müavini Əli Əhmədov "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyini pozmaq istəyən qüvvələr var: "Onlar müxtəlif dövrlərdə də bu birliyi pozmağa çalışıblar. Biz qürur hissi ilə deyə bilərik ki, heç vaxt bu birliyi pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil".

Ə.Əhmədov bildirib ki, Türkiyə-Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub:

"Bu, bizə deməyə əsas verir ki, bu birliyi bundan sonra da pozmaq mümkün olmayacaq. Çünki bu birlik ötəri, təsadüfi mənafelər, münasibətlər üzərində deyil, möhkəm münasibətlər üzərində qurulub, keçmiş və gələcəyin birliyindən qaynaqlanır".

Baş nazirin müavini vurğulayıb ki, tarixi olmayan millət mövcud deyil: "Türk milləti - həm azərbaycanlılar, həm də türklər qürur duya bilərlər ki, bizim bu günə gəlib çıxmağımızı göstərən çox şərəfli tariximiz, tariximizin çox parlaq səhifələri var. Bu səhifələr bütövlükdə Türkiyə-Azərbaycan qardaşlığını ifadə edir. Bu birliyin parlaq səhifələrindən biri türk və Azərbaycan hərbi qüvvələrinin Bakının işğaldan azad edilməsi üçün göstərdikləri birgə fəaliyyətdir. Qardaşlarımızın ağır günümüzdə bizə köməyə gəlməsi, Bakı şəhərinin işğaldan azad edilməsinə yardım etməsi Türkiyə-Azərbaycan birliyinin ən parlaq nümunələrindən biridir".

Ə.Əhmədov deyib ki, yaşadığımız bugünkü tarix bizi qürurlandıran, gələcəyə daha aydın baxmağa vadar edən, səsləyən tarixdir:

"Dünya çox mürəkkəb dövrünü yaşamaqdadır. Bu mürəkkəb dövrün ən təlatümlü anlarını yaşayan millətlər var. Bu gün gələcəyin üzərinə çox ciddi şəkildə kölgə salan məqamlar da var. Təbii ki, Azərbaycan və Türkiyə olaraq, biz bu təlatümlü anların gələcəkdə bizə nələr gətirəcəyini düşünmək üçün doğru yoldayıq. Biz bu günlərdə daha çox bir-birimizin yanında olmalıyıq, bir-birimizlə çiyin-çiyinə verməliyik". (525.az)

AzNews.az

Bağla X