21:59
(077) 610-22-33

“Gələcək əməkdaşlıq üçün bir çox geniş perspektivlər müəyyən edildi“ - İlham Əliyev

  • >
143 14 May 2013 07:14 | Siyasət

Avstriyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Vyana şəhərinin meri Mixael Höypl ilə görüşüb.

Mer Mixael Höypl çıxışında bildirib:

"Vyana Şəhər Şurasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi salamlamaqdan məmnunam. Vyananın paytaxtına xoş gəlmisiniz. Vyana mədəniyyət şəhəri kimi tanınır. Burada həm müasir, həm tarixi binalar vardır. Konsert zallarını və muzeyləri seyr edərkən bunun haradan qaynaqlandığını hər kəs dərhal anlayır. Vyana, həmçinin müasir inkişaf edən şəhərdir. Bu şəhər mədəniyyətlərarası dialoq şəhəridir. Vyananın Nyu-York və Cenevrə ilə yanaşı, BMT-nin mühüm qurumlarının yerləşdiyi məkan olması faktı onun xüsusi funksiyalarının və rolunun bütün dünyada tanınmasına dəlalət edir. Vyanada bir çox beynəlxalq təşkilatların baş qərargahları yerləşir. Biz mədəni və dini toqquşmalarda mədəniyyətlərarası təmaslara və dialoqa sadiqliyimizdən böyük qürur hissi duyuruq".

Mer bildirib ki, Vyana dialoq, görüş üçün platformadır. Burada hamı siyasi və diplomatik həll variantlarının bir araya gəlməsinə inanır:

"Bu, tarixi ənənələrə və keçmişimizə əsaslanır. Ötən il Vyana ilə Bakı arasında daha intensiv təmaslar baş tutmuşdur. Həmin vaxt Bakıda Vyana balı keçirilmişdir. Bu, Dunay çayının sahilində yerləşən şəhərin Azərbaycan paytaxtını musiqi ilə salamlamağına bənzəyirdi. 2011-ci ilin sonunda rəsmilərdən və iş adamlarından ibarət yüksək rütbəli nümayəndə heyəti Bakıya səfər etmişdir və onlar Vyananın təchiz edəcəyi nou-hauya böyük marağın şahidi oldular. Bu, nəqliyyat hərəkatının və daşımaların planlaşdırılması və idarəçilik kimi şəhər texnologiyaları, alternativ enerji mənbələri, tullantıların işlənilməsi, mədəniyyət və turizm obyektlərinin istismarı sahəsində yeniliklər ola bilər".

Onun sözlərinə görə, Azərbaycanın da Vyanada iştirakı yüksələn xətlə artır:

"Bu halda məşhur və xalq tərəfindən sevilən vyanalı memarımız Hans Mozanın paytaxtın 13-cü dairəsindəki keçmiş villasında Azərbaycan səfirliyinin yerləşməsi faktını misal kimi gətirmək olar. Əmin ola bilərsiniz ki, vyanalılar buna çox diqqətlə yanaşırlar. Cənab Prezident, Vyanaya gəlməyinizdən və şəhərimizin qızıl kitabını imzalayacağınızdan olduqca məmnunam. Çünki bu, xalqlarımız arasında olan qarşılıqlı hörmətin təzahürüdür. Vyanaya xoş gəlmisiniz və Avstriyada səfərinizə uğurlar arzulayırıq".

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxış edərək deyib:

"İlk öncə, mən Şəhər Şurasına dəvətə və Sizinlə görüşmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün mən gözəl ölkənizə ilk rəsmi səfərimi həyata keçirirəm. Prezident və Baş nazirlə çox yaxşı müzakirələrimiz olmuşdur. Biz ikitərəfli dostluq münasibətlərimizi geniş şəkildə nəzərdən keçirdik. Gələcək əməkdaşlıq üçün bir çox geniş perspektivlər müəyyən edildi".

İlham Əliyev bildirib ki, Avstriya ilə Azərbaycan əsl dost və tərəfdaşdırlar:

"Bu gün iki Prezidentin imzaladığı siyasi bəyannamə Dostluq və Tərəfdaşlıq Bəyannaməsi adlanır. Bir sözlə, bu, münasibətlərimizin mahiyyətini əks etdirir. Əlbəttə ki, Şəhər Şurasına ziyarət etmək fürsəti böyük şərəfdir. Əminəm ki, ölkələrimiz arasında təmaslar yerli bələdiyyələr səviyyəsində inkişaf edəcəkdir. Bizim bu sahədə çox müsbət təcrübəmiz vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Stiriya əyaləti arasında, Sumqayıt və Lints şəhərləri arasında tərəfdaşlıq vardır. Bunlar qardaşlaşmış məkanlardır".

İham Əliyev ümidvardır ki, günlərin birində Bakı ilə Vyana daha geniş əməkdaşlığa başlayacaq:

"Çünki bizim aramızda, şəhərlərimiz arasında bir çox oxşarlıqlar vardır. Onlardan biri tarixi irsimizə, memarlığımıza, tarixi abidələrimizə çox diqqətli yanaşmadır. Aramızda olan əməkdaşlıq və etimad səviyyəsi o qədər yüksəkdir ki, Azərbaycan və Bakının əsas rəmzi - məşhur Qız qalası hazırda avstriyalı mütəxəssislər tərəfindən bərpa edilir. Bakının bir çox yeni rəmzləri, gözəl binalar Avstriya şirkətləri tərəfindən layihələndirilir və tikilir. Ümid edirəm ki, cənab mer, vaxtınız olanda Azərbaycana səfər etdikdə avstriyalı dostlarımızın layihələndirdiyi və tikdiyi bir çox gözəl binaları görəcəksiniz. Bu, əməkdaşlığımızın, qarşılıqlı inam və etimadın səviyyəsini artırır. Ölkələrimiz dost ölkələrdir və fikrimcə, azərbaycanlılar və avstriyalılar nə qədər çox bir-birini tanısalar, səfər etsələr, bir o qədər hamımız üçün yaxşı olar. Mən dünən səfərimi milli himnimizin müəllifi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin abidəsini ziyarət etməklə başlamaqdan olduqca məmnun qaldım. Onun abidəsi 2006-cı ildə Vyananın gözəl guşələrindən birində ucaldılmışdır. Onun məşhur əsəri Vyana teatrında səhnəyə qoyulmuşdur. İki il öncə Prezident Fişer Azərbaycana səfər etdikdə biz bir yerdə dahi bəstəkar Motsartın abidəsini Bakının gözəl meydanlarından birində açdıq. Bu, nəinki məşhur həmvətənlərimizin xatirəsinə olan ehtiramımızın, həmçinin dostluğumuzun, səmimi münasibətlərimizin və qarşılıqlı dəstəyin göstəricisidir".

Prezidentin bildirdiyinə görə, səfərim zamanı, əlbəttə, Azərbaycan və Avstriya beynəlxalq səviyyədə olan əlaqələri, ticari münasibətləri müzakirə edib və edəcək:

"Bu gün ölkəmizin potensialını təqdim edən biznes forum keçiriləcək. Eyni zamanda, bu axşam biz Azərbaycanın Mədəniyyət Mərkəzini açacağıq. Bu, Azərbaycanın Avropada açılan ikinci mədəniyyət mərkəzi olacaqdır. Bu, Vyanada - dünya mədəniyyətinin paytaxtlarının birində açılır. Azərbaycan Mədəniyyət Mərkəzinin dünyanın ən gözəl şəhərlərinin birində açılmasının böyük rəmzi mənası vardır. Bu Mərkəz bir tərəfdən Azərbaycan mədəniyyətini Avstriyada təşviq edəcək, digər tərəfdən isə xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrini quran görüş yerinə çevriləcəkdir. Mən belə bir möhtəşəm incəsənət abidəsini ziyarət etmək üçün verilmiş dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm və Vyananın bütün sakinlərinə rifah, sülh və tərəqqi arzulayıram. Çox sağ olun".

Azərbaycan Prezidenti İlham Əliyev Vyana şəhər meriyasının xatirə kitabını imzalayıb.

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.

AzNews.az
Bağla X