02:57
(077) 610-22-33

Müdafiə nazirinin müavini: “ Şəhid hərbçilərimizin qanı yerdə qalmayıb”

  • >
1 040 14 Avqust 2014 09:55 | Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində xidməti döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olmuş

hərbçilərin təltif olunduğu medalların onların yaxınlarına təqdim olunması münasibəti ilə təltif edilmə mərasimi keçirilib.


APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, şəhid zabitlərin yaxınları, ailə üzvləri, Silahlı Qüvvələrinin zabitləri iştirak ediblər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan prezidentinin sərəncamı ilə ölümündən sonra təltif olunmuş Silahlı Qüvvələrin zabitləri Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyevin həyat yolundan danışıb.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, təltif olunan hərbi qulluqçular döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olublar. K. Vəliyev şəhidlərin valideynlərinə və yaxınlarına müdafiə nazirinin başsağlığını çatdırıb.

"Əmin ola bilərsiniz ki, şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayıb. Bundan sonra da əvəzi birə on ödənəcək", - deyə general Vəliyev vurğulayıb.

K. Vəliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmri altında torpaqlarımızı azad etməyə qadirdir.

Daha sonra K. Vəliyev Fikrət Məmmədovun təltif olunduğu "İgidliyə görə" medalını onun həyat yoldaşına, İlqar Verdiyevin təltif olunduğu "Hərbi xidmətlərə görə" medalını oğluna, Elnur Cəfərovun təltif olunduğu "Hərbi xidmətlərə görə" medalını qardaşına, Ceyhun Orucəliyevin təltif olunduğu "Hərbi xidmətlərə görə" medalı isə atasına təqdim edib.

Şəhid Ceyhun Orucəliyevin atası Pirəli Orucəliyev oğlunun Vətən yolunda şəhid olduğunu qeyd edib: "Bu Vətən hamımızındır. Mən fəxr edirəm ki oğlum Vətən yolunda şəhid olub. Gün o gün olsun ki, torpaqlarımız azad olunsun, o torpaqlarımızda Azərbaycanın bayrağını ucaldaq".

Şəhid İlqar Verdiyevin atası Tapdıq Verdiyev şəhidlərin qəhrəmanlıqlarını dəyərləndirdiyi üçün prezident İlham Əliyevə və müdafiə nazirinə minnətdarlığını bildirib: "Şəhidlər heç zaman unudulmur və yaddan çıxmır. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad edilsin və bayrağımız əsgərlərimizin uğrunda savaşıb şəhid olduğu o torpaqlarda dalğalansın".

AzNews.az
Bağla X