BMT Azərbaycanın təşəbbüsü ilə bəyanat qəbul etdi

İyulun 27-də Somalinin Moqadişo şəhərində Türkiyə səfirliyinin əsas binalarından birinə qarşı törədilən terror aktı nəticəsində bir nəfərin həlak olması və bir neçə insanın xəsarət almasını nəzərə alaraq, Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının mətbuat üçün bəyanatı qəbul edilib.

Azərbaycanın BMT yanındakı Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bəyanatda Şura üzvləri diplomatik və konsulluq nümayəndələrinə qarşı zorakılıq aktlarını qətiyyətlə pisləyib, həmin aktın qurbanlarının ailə üzvlərinə, Türkiyə hökumətinə və xalqına başsağlığı verib, bu cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının üzvləri terrorçuluğun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən birini təşkil etdiyini və terror aktlarını, onların motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu qeyd ediblər.

AzNews.az