İbrahimbəyov Mehman Əliyevə qarşı – Daha bir gərginlik

"Rüstəm İbrahimbəyovla namizədliklə bağlı heç bir söhbətim olmayıb"

"Düzdür, özüm namizəd olmaq istəmirəm, ancaq əgər Milli Şura üzvləri belə qərar versə ki, vahid namizəd Mehman Əliyev olsun, mən seçki prosesindən kənarda qalmamaq, demokratik proseslər və dəyişikliklər naminə seçkilərə qatıla bilərəm".

Bu sözləri AzNews.az-a açıqlamasında "Turan" İnformasiya Agentliyinin baş direktoru və Milli Şuranın üzvü Mehman Əliyev deyib. O, MŞ-in yeni vahid namizədi seçilməyə ən real şəxs kimi qiymətləndirilməsinə münasibət bildirib. Qeyd edək ki, MŞ-in ehtiyat namizədi kimi adı hallanan Cəmil Həsənli, Rafiq Əliyev və Gültəkin Hacıbəyli namizəd olmaq istəmədiklərini açıqlayıblar. Ehtiyat namizəd kimi adı hallanan şəxslərdən isə yalnız Mehman Əliyev namizəd olmaqdan imtina etməyib. Onu da bildirək ki, MŞ-in vahid namizədi Rüstəm İbrahimbəyov bu gün "Yeni Müsavat"a müsahibəsində özünün namizədinin olduğunu və həmin şəxslə danışıb, razılığı aldığını bildirib. R.İbrahimbəyovun danışıb razılığını aldığı şəxs də Mehman Əliyevdirmi? M.Əliyev bu suala cavabında deyib ki, Rüstəm İbrahimbəyov nə dünən, nə də ondan qabaq onunla bu barədə danışmayıb və onlar arasında ümumiyyətlə bu haqda nə söhbət, nə də razılaşma olub: "Rüstəm müəllimin açıqlamasından da görünür ki, onun özünün namizədi başqa şəxsdir.

Deməli, o, kimisə təklif edəcək. Müzakirələr də ora gələcək ki, kimlərsə kimisə dəstəkləyəcək, ya yox?! Bütün bunlar zaldakı əhval-ruhiyyədən asılıdır. Uduzan tərəf bunu qəbul edəcək, ya yox, bunları indidən demək çox çətindir".

Anar
AzNews.az