Nərimanovda ağacəkmə aksiyası keçirildi

Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə bu gün Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib.

İH-dən daxil olan xəbərdə bildirilir ki, rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənərək, burada İtaliyadan gətirilmiş 300-dən çox Leylandra növlü ağaclar əkilib. Qeyd olunan ərazinin yaşıllaşdırılması istiqamətində mütəmadi olaraq abadlıq işləri aparılıb və bu qəbildən olan müxtəlif növ dekorativ ağac və kollar əkilərək sözügedən yaşıllıq zolağının da həmçinin, paytaxtımızın oksigenlə zəngin guşəsinə çevrilməsi üçün ardıcıl işlər davam etdirilməkdədir.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdirilir.

AzNews.az