Balıqlar necə çoxaldılır? – Əməkdaşımız maraqlı prosesin şahidi olub (FOTO)

Bu günlərdə yaz-yay balıqartırma mövsümünə start verilib. Bu münasibətlə bir qrup media nümayəndəsi Xıllı Nərəbalıqartırma zavodunda olub. Beləliklə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin təşkilatçılığı ilə media mənsubları da bu maraqlı prosesin şahidinə çevrilib.
Qeyd edək ki, körpələrin dənizə buraxılması avqustun əvvəllərinədək davam edəcək. Bu müddət ərzində çəkisi 1-1.2 qrama çatan 2 aylıq balıq körpələri çaya buraxılacaq. Daha böyük çəkiyə - 150 qramadək böyüdülən balıq körpələri isə oktyabrda çaya buraxılır.

Balıq körpələri çayın mənsəbinə buraxılır

Yoldan gələn mətbuat nümayəndələrini Zavodun direktoru Z.Salmanov elə qapıda qarşıladı. Həftənin və yolun yorğunluğunu da müəssisənin yeməkxanasında atdıq. Qeyd edək ki, müəssisədə nəinki balıq yetişdirməyə, elə qonaq qarşılayıb yola salmağa da şərait var.
Zavodla tanışlığa isə dairəvi hovuzların yerləşdiyi sexdən başladılar. Məlumat üçün bildirək ki, burada inkubasiya dövrünü başa vuran balıq körpələri saxlanılır. Balıqlar hovuzlarda şərti körpə çəkisinə (100-150 mq) çatdıqdan sonra diametri 4 metr olan dəmir-beton hovuzlara köçürülür. Burada isə normativ buraxılış çəkisinə çаtdırılır. Jurnalistlər məhz bu çəkiyə malik balıq körpələrinin daşınmasında istifadə olunan xüsusi nəqliyyat vasitələri ilə aparılıb Kür çayının mənsəbinə buraxılmasının şahidi oldu.


Çaya buraxılan balıq körpələrinin yaşama ehtimalı yüksəlir

Nərəkimilərin dünyada 27 növünə rast gəlinir. Onlardan 5-i Xəzər və Kür çayı üçün endemikdir. Əvvəlcə kələmo, daha sonra isə bölgə balığının ovuna qadağa qoyulan ölkəmizdə hazırda nərəcinslilərin 4 növü yetişdirilir. Bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla artırılması prosesinə başlanandan ötən 11 il ərzində bu sahədə xeyli yol qət edilib. Artıq Təmir-törədici fondunda 5000 ədəddən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır. Xıllı Nərə Balıqartırma Zavodunun direktoru Zaur Salmanovun sözlərinə görə, zavodda yaradılan şərait saxlanılan balıqların sayının 10000 ədədə çatdırılmasına imkan verir: "Belə bir infrastrukturun yaradılması öz növbəsində yaxın gələcəkdə nəinki Xıllı Nərə Balıqartırma zavodunu və Respublikamızda fəaliyyət göstərən digər balıqartırma zavodlarını keyfiyyətli törədicilərlə təmin etməyə imkan verər, eyni zamanda ölkədə balıqçılıq və akvakultura sahəsinin inkişafına da böyük dəstək olar".
Z.Salmanov zavodun istehsalat infrastrukturunda gözlənilən dəyişiklilərə də toxunub: "2007-ci ildən başlayaraq yaz-yay balıqartırma mövsümündə yetişdirilmiş nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək və daha yüksək kütləyə (80-150 qram) malik olduqdan sonra Kür çayının mənsəbinə buraxılır. Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən (1-1,2 qram) daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olur, yəni nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişiklərin edilməsi və bununla da istehsal olunan, yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub. Bu məqsədlə yaxın vaxtlarda zavodda 4 ədəd 10 metr x 80 metr ölçülərdə torpaq hovuzların rekonstruksiyası və bu hovuzların bazasında müstəqil su təchizatının təmin olunması ilə yeni bir bölmənin yaradılmasına başlanacaq".

Balıqlar üçün canlı qida

Maraqlı məqamlardan biri də odur ki, zavodda yalnız nərəkimilər deyil, onların qidası da yetişdirilir. Belə ki, süni, hazır qidalardan savayı balıqlar canlı qidalarla da yemlənir. Bəs, canlı qidaları hardan əldə edirlər? Z.Salmanov nərəkimiləri xırda xərçəngkimilərlə qidalandırdıqlarını söylədi. Bu növdən olan artemiya salina və dafniya maqna nərəkimilərin ləziz təamıdır. Zavod həmin növlərin yumurtalarını gətirdərək elə buradaca yetişdirir.

Tətbiq edilən yeniliklər uğurlu nəticə verir

Xıllı Balıqartırma Zavodu fəaliyyətə başlayandan mütəmadi olaraq yeniliklər tətbiq edir və hər birindən də uğurlu nəticə alır. Məsələn, 2010-cu ildən Azərbaycanda ilk dəfə olaraq məhz Xıllı Nərə Balıqartırma zavodunda bir neçə nərə balığından onları öldürmədən "yumurtalıq yolunun kəsilməsi" üsulu ilə yetkin kürü alınır. Qeyd edək ki, kürüsü öldürülmədən alınmış törədici nərə balıqları reabilitasiya məqsədilə 3-5 gün plastik hovuzlarda saxlandıqdan sonra ehtiyat nohura köçürülür. Qeyd olunan metodla kürünün alınması təcrübəsinin gələcəkdə nəsli kəsilmək təhlükəsi olan nərə cinsli balıq növlərinə də (kələmo, bölgə) şamil edilməsi planlaşdırılır.

Z.Salmanov uğurlardan danışarkən 2013-cü ilin nəticələrini də xatırladıb: "Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq kürüdən kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb. Eyni uğuru bu il də təkrarladıq".



Ruhiyyə