İlham Əliyevin imzatoplanma kampaniyası başlandı

Bu gündən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib.

YAP-dan APA-ya verilən məlumata görə, bu gün səhərdən partiyanın rayon və şəhər təşkilatlarının iclasları keçirilərək ölkə üzrə namizədin imzatoplama kampaniyasına başlanılıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin YAP tərəfdən irəli sürülmüş namizədliyini təsdiq edib.

MSK-nın mətbuat xidmətindən isə APA-ya bildiriblər ki, imzatoplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq təbliğat təşviqat kampaniyasına başlaya biləcəklər.

Qeyd edək ki, 8 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

AzNews.az