Qadını xoşbəxt etməyin yolları və kişilər haqqında 7 səhv fikir

AzNews.az Barbara de Anjelisin "HƏR BİR KİŞİNİN BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR" kitabını ixtisarlarla, hissə-hissə təqdim edir. Məhəbbət, seks və qarşılıqlı münasibət haqqında olan bu əsərdə ailələri və çütlükləri narahat edən çox vacib suallara cavab tapılır.

Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək.


(III HİSSƏ)



Qadın təbiətini tam anlamaq üçün onun vaxta olan münasibətinin mahiyyətini anlamalısınız. Onun zamanı anlaması, onu qəbul etməsi, vaxtla bağlı qərar verməsi tərzini öyrəndikdən sonra siz onun ürəyinin və qəlbinin sirlərini dərk edə biləcəksiniz.

Bu barədə çox düşündükcə, qadınlar üçün vaxtın sevgi həyatlarının mərkəzi məsələsi olduğunu aydınlığı ilə anlamağa başladım. Şəxsi münasibətlərinizdə baş verən münaqişələri, gərginlik və didişmələri təhlil etsəniz, təəccüblü olsa da, problemlərin çoxunun zamanla bağlı olduğunu müəyyən edəcəksiniz.



Qadınların zamanla demək olar ki, müqəddəs əlaqələri var.
Niyə vaxt qadınlar üçün vacibdir? Bunu bizə öyrətmirlər və bəzən biz bunu heç dərk etmirik. Sevginin ümdə olması kimi, vaxtla ən ülvi əlaqə də xasiyyətimizin ayrılmaz hissəsidir.
Vaxtla intim əlaqə qadın biologiyasına qoyulub. Qadın orqanizmi dövrlə fəaliyyət göstərir, bu hal kişi orqanizmi üçün tamamilə yaddır. İlk menstruasiya halını yaşamış qız hər günü, hər həftəni hesablamağa başlayır, növbəti dövrü gözləyir. Bu səbəbdən də biz həmişə hesablayırıq və bu vərdişə həmişə riayət edirik. Hesab və vaxtın təqib edilməsi həyatımızın digər sahələrində də davam edir: hamilə olanda uşağın dünyaya gəlməsi üçün ayları sayırıq; uşağımız dünyaya gələndən sonra onun yedizdirilməsi üçün saatları sayırıq, sonra isə həkimə aparılması, çimməsi və yemək yeməsi arasındakı vaxtı hesablayırıq.

→ Kişilər qadınların vaxtla əlaqəsini niyə düzgün izah etmirlər

Qadınlar vaxtı hesabladıqda və təqib etdikdə, bizim davranışımız barədə tez-tez səhv qərarlar verirlər. Siz bizi höcətləşən, həddən artıq hirsli və hökm etməyi sevən hesab edirsiniz. Nəticədə özünüzü nəzarət altında hiss edir, sizə elə gəlir ki, daim sizi izləyir və öz iradəsinə tabe etmək istəyirlər.
Kişi qadının davranışına bu tərzdə reaksiya verdikdə, qadınlar özlərini incimiş və başa düşülməyən hiss edirlər. "Mən, sadəcə, kömək etmək istədim", – o fikirləşir. Bu həqiqətən də belədir, cavanlar! Biz sizə nəzarət etmək istəmirik, siz belə düşünsəniz də, biz özümüzü ananız kimi aparmırıq. Düşünürük ki, həmişə gördüyümüz kimi işimizi görürük – uşaqların yeməyini vaxtında veririk, paltarları vaxtında yuyuruq, kreditin ödənişini vaxtında edirik.

→ Hər bir qadının üç gizli tələbi


● Qadınlar özlərini əmin-amanlıqda hiss etmək istəyirlər.
● Qadınlar yaxınlığı hiss etmək istəyirlər.
● Qadınlar onlara dəyər verilməsini istəyirlər.


Qadınlar özlərini əmin-amanlıqda hiss etmək istəyirlər

Niyə şəxsi münasibətlərdə kişilərdən çox qadınları daha çox ruhlandırmaq və onlara kömək etmək lazımdır?
Niyə qadınlar həmişə partnyorları ilə əlaqədar gələcək planlar qurmağa çalışırlar?
Niyə qadınlar həmişə partnyorlarının hiss etdiklərini və düşündüklərini bilmək istəyirlər?
Niyə qadınlar kişilərin onları narahat edən məsələlər barədə onlarla bölüşməməsindən bu qədər narahatlıq keçirir və nigaran olurlar?
Bütün bu sualların cavabı çox sadədir. Çünki qadınların əsas tələblərindən biri özünü əmin-amanlıqda hiss etmək istəyidir. Mən fiziki təhlükəsizlikdən danışmıram, bizim üçün daha çox emosional təhlükəsizlik vacibdir. Münasibətlərimizin möhkəmliyindən və partnyorun məqsədinin ciddiliyindən əmin olmaq istəyirik. Şəxsi sevgimizə inanmaq istəyirik, məhz belə olduqda bizə ürəyini aça bilər, sevgimizi verməyi və qəbul etməyi bacararıq.
Emosional təhlükəsizlik – hər bir qadının ürəyinin açarıdır. Özümüzü təhlükəsizlikdə hiss edəndə, risk etməyə hazırıq. Özümüzü təhlükəsizlikdə hiss edəndə, rahat ola bilirik. Özümüzü təhlükəsizlikdə hiss edəndə, xoşbəxtlikdən nur saçırıq.
Qadın üçün təhlükəsizlik niyə bu qədər vacibdir? Mənə elə gəlir ki, bu hər bir qadının qəlbinin dərinliyində özünə əmin olmamaq hissilə bağlıdır. Bəlkə də sözlərim sizə kobud görünəcək, ancaq bu belədir. Nə qədər özümüz müstəqil, əmin və yetərincə azad olsaq da, qəlbimizin dərinliyində yenə nənəmizin nənəsi kimi qalmaqdayıq. Xasiyyətimizin bu tərəfilə daim mübarizə aparır, onu boğmağa çalışır, ona görə utanırıq, bu zəifliyə görə özümüzü tənqid etsək də, yenə ondan tamamilə qurtula bilmirik.
Daxili inamsızlıq hissi haradan yaranır? Birincisi, bu, kişi dünyasında yaşamağımızın nəticəsidir. Cəmiyyətimiz bir neçə on illərdir ki, qadına dəyər verməyə, hörmət etməyə və dövrün başlanğıcından kişilərin ələ keçirdiklərini biz qadınlara təklif etməyə başlayıb. Hətta bu günlərdə də dünyanın bir çox guşələrində kişilərin həyatı qadınların həyatından üstün tutulur, Ailəsinə yük olmamaq üçün qız uşaqlarını öldürür, oğlanı – varisi ailə üçün daha dəyərli hesab edirlər. Bu haqda eşidir və deyirik: "Bu, inkişaf etməmiş ölkələrdə baş verir!" Bununla belə, dünyanın ən inkişaf etmiş ölkələrində, elə ABŞ-ın özündə də, eyni işə görə qadınlar kişilərdən az məvacib alırlar. Əlbəttə, qız uşağını öldürmək kimi qorxunc hallara rast gəlinməsə də, baş verənlərin mahiyyəti eynidir – kişi əməyi və həyatı qadın əməyi və həyatından çox-çox üstün tutulur.


Kişilər sevgi, qayğı və kömək göstərən kimi, qadınların əksəriyyəti tez bir zamanda inamsızlıq hissindən qurtula bilirlər. Kişilərə bir az qeyrət nümayiş etdirmək lazımdır, bununla onlar özlərini və sevdikləri qadınları çox sayda xoşagəlməz hadisələrdən xilas edər.
Gənclər, daha bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Sevdiyiniz qadına təhlükəsizlik hissini qaytaracaq iş görərsinizsə, o dərhal bezdirici, tələbkar və özünə inamsız olmaqdan xilas edir. Məhz qadının istədiyindən asılı olaraq, özünüzü belə və ya yaxud da başqa cür hərəkət etməyə cavabdeh hiss etməkdən xoşlanmadığınızı bilirəm. İnandırım sizi ki, bunu etməklə özünüzü ciddi xoşagəlməz hallardan xilas edəcək, şəxsi vaxtınızı və gücünüzü qoruya biləcəksiniz. Verdiyim məsləhətlərə riayət etməyə çalışın, təəssüflənməyəcəyinizdən əminəm!

→ Qadınlar kişilərin nəyi etmələrini istəyirlər

Bizim bir az bezdirici olduğumuzu hiss etsəniz və məlum olmayan səbəbdən bütün xarici görünüşümüzdən belə özümüzə inamımızı bəlli edəriksə:
– Bizi bezdirici olduğumuza görə tənqid etməyin, çünki bu davranışınızla siz yalnız bizim inamsızlığımızı gücləndirir və içimizdə olan təhlükəsizlik hissinin son damlalarından da məhrum edirsiniz.
– Bizi özünüzdən uzaqlaşdırmayın və bizdən qaçmayın, çünki bu, inamsızlığımızı daha gücləndirir.
Təhlükəsizlik hissini itirdiyimizi bildiyiniz halda, bu sizə mənasız və dəyərsiz görünə bilər, istərdik ki, bizə arxa olasınız, sevginizi, diqqət və mehribanlığınızı əsirgəməyəsiniz.


→ 2. Biz əsəbi, soyuq və seksual cəhətdən laqeyd ola bilərik


Qadınların bəziləri təhlükəsizlik hissini itirməyi zəifliklə deyil, daha az zəif olmaqla büruzə verirlər. Qadın emosional təhlükəsizlik hissini itirərsə, onu şüurunun dərinliyinə qovar, yeni acılardan müdafiə olunmaq ümidilə ürəyinin qapılarına səngər tikər. Bu tip qadınlar qəfildən partnyoru ilə soyuq davrana, əsəbi və qəddar ola bilir, hətta bəzən seksual yaxınlıqdan da imtina edir.

Belə bir reaksiya kişilərin bizə ağrı yaşatmaları və hər şeydən çox qorxutduqlarını qətiyyən anlamadıqları ilə izah edilir. Onlar bizi ərkəsöyün isteriyalı qadın hesab edirlər. Onlar üçün belə düşünmək olduqca çətindir: "Deyəsən, sevimli qadınım təhlükəsizlik hissini itirib. Gərək ona kömək edim". Bunu demək əvəzinə, onlar özlərini laqeydlik və qəzəbimizdən qorumağa can ataraq, yalnız vəziyyəti daha da dərinləşdirirlər.

Əgər qəfildən partniyorunuz soyuq və əsəbi olursa, onun sizə məhz belə münasibət bəslədiyi nəticəsinə gəlməyin.
Yadda saxlayın: bəlkə o heç əsəbiləşməyib, qorxub. Özünüzdən soruşun: onun təhlükəsizlik hissini itirməsinə səbəb ola biləcək elə bir hərəkət etmisinizmi, ona köməyinizi təklif edin, onu həvəsləndirin. Daha yaxşısı isə, qadınınızdan hissləri barədə danışmağı xahiş edin və diqqətlə onu dinləyin.
Düşünmürəm ki, təhlükəsizlik hissini itirmiş qadınlarda hissiyyat cəhətdən özünə qapanma ola bilər. Əgər qadınınızın məhz belə halla üzləşdiyini bilirsinizsə, ona bu xoşagəlməz vərdişdən xilas olmaqda kömək edə bilərsiniz. Sadəcə, indicə danışdığımız məsələləri bir daha yadınıza salın və hətta onun sevginizi rədd etmək niyyətini hiss etsəniz belə, ona sevgi ilə yanaşın.

Qadınlar partnyorları ilə daha çox vaxt keçirdikdə özlərini təhlükəsizlikdə hiss edir

Kişi qadınla ünsiyyətdə olanda o, əsl yaxınlığı hiss edir

Qadın üçün həqiqi yaxınlıq ünsiyyətlə bağlıdır. Bir qayda olaraq, qadınların əksəriyyəti kişilərdən çox danışır. Bu səbəbdən də qadınla ünsiyyətin ən səmərəli və tez yolu danışıqdır.

→ Qadınlar kişilərin nəyi anlamalarını istəyirlər

Söz – sevdiyi qadının ürəyi ilə kişinin daxili aləmi arasında körpü yaradır.
Söz əsl yaxınlığı yaradır.

Qadınlar nə haqda danışmaq istərdilər? Düşünürəm ki, cavab sizə yaxşı məlumdur: HƏR ŞEY HAQQINDA! İşiniz, problemləriniz, arzu və qorxularınız, uğurlarınız və çətinlikləriniz haqqında hər şeyi bilmək istəyirik. Unutmayın: emosional yaxınlıq ürəyinizdə yığılıb qalmış məsələlər barədə rəfiqənizlə bölüşəndə yaranır. Ünsiyyət – emosional yaxınlığı əldə etməyin yeganə vasitəsidir.

Sevimli qadına onu sevdiyinizi və dəyər verdiyinizi anlatmağa kömək edəcək dörd sirr bunlardır:
● Onun xoşbəxtliyinin sizin üçün həyatda mühüm olduğunu göstərin.
● Onun həyatına maraq göstərin.
● Ona ehtiyacınızın olduğunu və həyatınızda onun olmasına dəyər verdiyinizi göstərin.
● Onun sevgisini bir haqq olaraq anlamadığınızı göstərin.


Qadınınızın xoşbəxt olmadığını və ya məmnun qalmadığını gördükdə, özünüzə aşağıdakı sualları verin:
1. Onun özünü təhlükəsizlikdə hiss etməsi üçün bu an nə edə bilərəm?
2. Özünü mənə emosional olaraq yaxın olduğunu hiss etməsi üçün bu an nə edə bilərəm?
3. Ona dəyər verdiyimi hiss etməsi üçün bu an nə edə bilərəm?

Unutmayın: Arvadınıza və ya rəfiqənizə problemlərinin öhdəsindən gəlməsində etdiyiniz hər bir köməkliyin əvəzini sonradan qat-qat alacaqsınız. Yox, əgər kömək etməkdən vaz keçərsinizsə, onda onun pis əhval-ruhiyyəsinə uzun müddət qatlaşmalı olacaqsınız. Qadınların üç gizli ehtiyaclarına diqqət – böyük gəlir vəd edən cüzi qoyuluşdur.

Kişilərin qadınlar barəsində yeddi yanlış fikirləri və bu fikirlərin yaranması səbəbləri

"Bütün kişilər bir şeyə can atırlar – seksə".
"Bütün kişilər əclafdırlar – onlar acı bəxş etdikləri insan haqqında əsla düşünmürlər".
"Kişilər olduqca qapalıdır və hisslərini ifadə etməyi bacarmır".
"Kişilər xudbin və hissiyyatsızdırlar".
"Kişilərə inanmaq olmaz – onlar qəlbinizi qıracaqlar".
"Kişilər ən kiçik təzyiqə tab gətirə bilməyən böyük uşaqdırlar".


Bu, kişilər haqqında qadınların səhv fikirləridir. Əgər bu siyahını oxudunuzsa, əminəm ki, hiddətlənməsəniz də, hirslənmisiniz. "Mən belə deyiləm, – siz düşünəcəksiniz. – Bəlkə də belə kişilər var, ancaq bütün kişiləri bir adla adlandırmaq ədalətli deyil" .
Şübhəsiz, siz düz deyirsiniz. Səhv fikirləşmək həmişə ədalətsiz səslənir. O, səhv anlamanı, konkret qrup insanların – bu halda kişilərin – ümumiləşdirilmiş hərəkətini əks etdirir. Kişi bu fikirlərdən birini düşünmədən özünə örnək seçmiş qadınla görüşəndə, bəlkə də onunla heç bir əlaqəsi olmayan mənfi stereotipdən daim özünü müdafiə etmək üçün mübarizə aparmalı olur.
Nə etmək olar, əgər siz kişilər mənfi stereotipləri sevmirsinizsə, onda niyə qadınların onlarla barışmağa hazır olduğunu düşünürsünüz? Qadını həqiqətən anlamaq və sevmək – onu təsəvvür etdiyiniz kimi deyil, necə varsa, elə qəbul etməniz deməkdir. Əks cinsin stereotip anlamına dözməyə çalışsanız da, eşitdiklərinizin qadın davranışına dair şərhinizə təsiri olacaq, bu davranış çox sevdiyiniz qadına məxsus olsa belə.

Qeyd: Əsər "Qanun" nəşriyyatına çap edilib. Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru Elçin Zahiroğludur. Kitabı əldə etmək istəyənlər "Qanun"a müraciət etsinlər.

Əvvəki hissəni BURADAN oxuya bilərsiniz.
(ardı var)