Bakı-Quba yolunda ağır Qəza: Ölən və yaralananlar var

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.

Aznews.az xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.

Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Günün irəliləyən saatlarında baş vermiş ağır qəzanın təfərrüatları məlum olub.

Qeyd olunub ki, hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub.

Quba istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.

Hadisə baş verən zaman yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib.

Hadisədə xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20.05.2025-ci il tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

AzNews.az