Azərbaycan mediası 150 yaşında: mən niyə konstruktivizmin tərəfdarıyam?

150 il öncə “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə böyük bir yol başladı. Çar Rusiyasının işğal etdiyi Quzey Azərbaycan xanlıqlarının ərazisində kapitalizm və buna bağlı olaraq millətləşmə prosesi vüsət aldı. Həsən bəy Zərdabinin əsasını qoyduğu, amma “nə qəzet kimi qəzet, nə jurnal kimi jurnaldır” dediyi nəşr millətləşmə prosesinin maarifçi dayaqlarını formalaşdıran bir institut oldu.

Bu gün işğaldan azad olunan Qarabağ bölgəsində xüsusi bir muzeydə toplanmasını arzu etdiyimiz Azərbaycan mətbuatının tarixi irsini və inkişaf dövrünü bir neçə əsas mərhələyə bölə bilərik.

“Əkinçi” ilə başlayan ilk mətbuat orqanlarımız milli kimlik arayışında idi. Qəzetlərimiz bir tərəfdən aqrar və feodal toplumu pozitiv elmə, müasirləşməyə çağırır, digər yandan dini və milli identifikasiyanı qorumağa çalışırdı.

Son nəticədə “Azərbaycan” adlı bir qəzet çıxdı. Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis olunmuşdu. Mədəni və siyasi millətləşmə dövlət millətləşməsinə keçid etmişdi. Cümhuriyyət dövründə Azərbaycanda mətbuat azadlığı hətta Avropa dövlətləri ilə müqayisədə də yüksək səviyyədə təmin olunmuş, müxtəlif ideoloji-siyasi baxışların beyin mərkəzi olan qəzetlər milli şüurun formalaşmasına və inkişafına böyük töhfələr vermişdilər.

Sovet Azərbaycanında mətbuat sərt senzura altında fəaliyyət göstərirdi. Medianın əsas funksiyaları və standartları tamamilə hakim kommunist ideologiyasından asılı salınmışdı. Bununla belə, Azərbaycan mətbuatının maarifçilik ənənəsi yaşayır, milli ədəbiyyatımızın, incəsənətimizin və ən əsası, bütövlüyümüzün təbliği baxımından önəmli işlər görürdü. Sovet dövründə jurnalistlər artıq cəmiyyətin peşəkar bir təbəqəsi idi.

Dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan mediası azad inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra senzura tamamilə ləğv edildi. Müstəqilliyin ilk illərində çoxpartiyalı sistemin formalaşması ilə partiya qəzetləri çap olunmağa başladı, özəl telekanallar efirə çıxdı. Əksər hallarda bir-birinin ideoloji platformasını təkrarlayan partiyalar meydan hərəkatının yetirmələri idilər və yeni iqtisadi fərqlilikləri təmsil etmirdilər. Həyata keçirilən özəlləşdirmə proqramından sonra Azərbaycan iqtisadiyyatı şaxələnir, azad bazara keçirdi. Müxalif siyasi təşkilatlar bu prosesdən kənarda qaldılar, eləcə də hərəkatın əsas qüvvəsi olan AXC cəmiyyətin etimadını hakimiyyətdə qala bilməyəcək dərəcədə itirdi, buna paralel olaraq, partiya qəzetləri də tədricən zəiflədi.

Geniş müstəvidə çap mediasının gündən-günə zəifləməsi həm də qlobal proses idi. İnternet və sosial medianın inkişafı ənənəvi medianın təsirini zəiflətmiş, zira jurnalistlər üçün yeni imkanlar da yaratmışdı.

Bu gün bloqlar, veb-saytlar və sosial şəbəkələr informasiya yayımında əsas platformaya çevrilib. Onlayn resurslar eyni anda qəzetlərin də, agentliklərin də, TV və radiolarin da funksiyasını öz əlində cəmləyə bilirlər.

Belə bir ortamda iki mövqenin yüksəkdən səslənməsi- söhbət nadan çığırtılarından getmir- təbiidir.

Bəziləri, əlbəttə, “media ölür” deyə ağılar deyəcək.

Başqa bir qism yeni medianın üstünlüklərindən ağız dolusu danışacaq.

Ənənəvi medianın köhnə dərdləri, əski problemləri vardı.

Yeni medianın yeni dərdləri, yeni problemləri var.

Məsələn, ənənəvi media yeni və mübahisəli mövzulara işıq salmaqdan həmişə çəkinib- dünyanın ən nüfuzlu nəşrləri belə auditoriya basqısından ehtiyyat ediblər.

Məsələn, yeni media daha avanqarddır, komplekssizdir, di gəl, dezinformasiyaya, saxta xəbərlərə, manipulyasiyaya daha açıqdır.

Bir yandan bu mübahisələrin axırı yoxdur, ağzı olan danışır, o biri yandan isə var: Süni və Super İntellekt gəlir və yaxın 5-10 ildə içi mən qarışıq əksər jurnalistləri işsız qoyacaq kimi görünür.

Fəqət söhbət tendensiyalardan deyil, cərəyanlardan gedirsə, mən konstruktivizmin tərəfdarıyam.

Düşünürəm ki, bizim işimiz təkcə cəmiyyətə məlumat ötürmək deyil, həm də cəmiyyətdə yeni baxış bucaqları yaratmaq, İkinci Qarabağ savaşında tarixi zəfər qazanmış Azərbaycan üçün yeni vətəndaş modelinin formalaşmasında aktiv iştirak etməkdir. Başqa sözlə, 150 yaşlı mediamız ölkəmizin siyasi, ictimai və mədəni konstruksiyasında aktiv rol oynamalıdır. Doğrusu, “Konstruktivizm cərəyanı və media” mövzusunda uzun-uzadı mühazirə yazmaq istəmirəm. Fəqət konstruktivizmin MƏNAya xüsusi kökləndiyini məxsusi yada salmaqda fayda var: Medianın fəaliyyəti, sadəcə, xəbər vermək deyil, eyni zamanda, xəbərdən məna çıxarma prosesini yönləndirməkdir.

Bu gün Azərbaycanda ƏSAS xəbər də, ƏSAS məna da prezident İlham Əliyevdir.

Bunu dövlət başçısını tərifləmək xatirinə demirəm. Tariximizin ən ciddi neqativ paradiqmalarından biri- təlatümlü dövrlərdə torpaq itirmək təhlükəmiz aradan qalxıb. Beynəlxalq arxitekturanın çökdüyü, yeni dünya nizamının formalaşdığı tarixi mərhələyə Azərbaycan qalib dövlət, Azərbaycanlılar qalib xalq kimi qədəm qoyur.

İctimai fikir müəssisəmizin tarixi və müasir dinamikalarından baxsaq, Prezident Əliyevin bir uğuru da rəqəmsal media dövrünə keçidlə bağlı çağırışlara zamanında verdiyi reaksiya oldu.

Yeni media qanunu qəbul olundu, yeni agentlik yaradıldı, praktik fəaliyyət müstəvisində təcrübə və dinamikanın vəhdəti təmin edildi, ADA universitetində, digər rəsmi və özəl qurumlarda keçirilən təlimlərdə yeni kontent ərsəyə gətirən gənc jurnalistlər püxtələşdirildi.

Bu gün ictimai və dövlət maraqlarımız baxımından vacib sayılan elə bir informasiya varmı ki Azərbaycan mediası onu bir andaca cəmiyyətin bütün kəsimlərinə çatdırmasın?

Bu gün ictimai və dövlət maraqlarımız baxımından elə bir proses varmı ki, Azərbaycan mediası onu yüksək səviyyədə təhlil etməsin, cəmiyyəti doğru yönləndirməsin?

Bu gün ictimai və dövlət maraqlarımız baxımından elə bir aktual mövzu varmı ki, Azərbaycan mediası onun üstündən sükutla keçsin, müzakirə etməsin?

Son nəticədə DƏYİŞƏN NƏDİR?

Dəyişən Azərbaycanda ictimai şüurdur, ictimai şüurumuzun daxili və xarici manipulyasiyalara immunitetinin güclənməsi, rasionallaşmasıdır!

İnsaflı olsaq, bütün bunların müqabilində həm media cameəsi olaraq özümüzlə öyünə, həm də prezidentə və prezidentin media siyasətini həyata keçirən məsul şəxslərə təşəkkür edə bilərik.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru