Mətin Məmmədli: “Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur”

“Mehdi Sübhani hər zaman özünün elmi görünüşü, lakin anti-Azərbaycan mövqeyi ilə seçilən İran diplomatlarından biridir. Bu baxımdan onun belə bir açıqlama verməsi təəccüblü deyil. Onun açıqlamasına münasibət bildirərkən demək lazımdır ki, o, məsələyə kifayət qədər təhrif olunmuş şəkildə yanaşır. Azərbaycanın istənilən ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. “Qərbi Azərbaycan” ifadəsi isə yalnız tarixi kontekstdə işlədilir. Tarixdən məlum olduğu kimi, bu ərazilər vaxtilə azərbaycanlıların yaşadığı, zəngin mədəni və mənəvi irsə sahib olduqları bölgələr olub. Təəssüf ki, həmin irs müəyyən qruplar, xüsusilə də ermənilər tərəfindən dağıdılıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş istənilən iddianı rədd edir. O, İƏT-in qəbul etdiyi qətnaməni tənqid edərək “Qərbi Azərbaycan” ifadəsini yalan və uydurma adlandırıb, bu terminlərin regionda sülhə zidd olduğunu vurğulayıb. Sübhani əlavə edib ki, “Qərbi Azərbaycan” İranın əyalət adıdır və bu ifadənin başqa bölgəyə aid edilməsi yolverilməzdir.

Siyasi şərhçinin fikrincə, “Qərbi Azərbaycan” ifadəsi yalnız tarixi kontekstdə işlədilir və bu, Ermənistanın ərazi bütövlüyünə hər hansı iddia anlamına gəlmir.

“Düşünürəm ki, Mehdi Sübhani bu açıqlamanı bilərəkdən, məqsədli şəkildə verib. O da çox yaxşı bilir ki, Azərbaycan bu ifadəni hansı kontekstdə işlədir. Azərbaycan “Qərbi Azərbaycan” ifadəsini işlədərkən yalnız tarixi və mədəni aspektlərə istinad edir. Hesab edirəm ki, Mehdi Sübhaninin bu açıqlamaları və ümumi fəaliyyəti İran-Azərbaycan münasibətlərinə zidd şəkildə mənfi təsir göstərir. Bu səbəbdən düşünürəm ki, Mehdi Sübhaninin fəaliyyəti Tehranda da nəzərə alınmalıdır. Çünki onun səfir kimi fəaliyyəti iki ölkə arasında münasibətlərin zərər görməsinə səbəb olur. Bundan başqa, bir məqamı da vurğulamaq istəyirəm: əgər Mehdi Sübhani və digər İran rəsmiləri ərazi bütövlüyü məsələlərinə bu qədər həssas yanaşırsa, o zaman sual yaranır – nə üçün 30 ilə yaxın müddətdə Azərbaycanın torpaqları işğal altında olduğu zaman İran rəsmiləri və diplomatları belə həssas mövqe nümayiş etdirmədilər? Bu səbəbdən də onların bu gün sərgilədikləri mövqeyi səmimi hesab etmək çətindir. Sonda onu da demək istərdim ki, Mehdi Sübhaninin son dövrlərdəki fəaliyyəti, xüsusilə son açıqlamaları ümumilikdə İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az