Azərbaycan Prezidenti Albaniyada: Avropa Siyasi Birliyinin sammiti nə ilə yadda qaldı?

Mayın 16-da Avropa Siyasi Birliyinin (ASB) 6-cı Zirvə Toplantısı Albaniyanın paytaxtı Tirana şəhərində keçirildi.

Bu, ASB-nin Qərbi Balkanlarda keçirilən ilk zirvə görüşü olmaqla yanaşı, Avropada təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə sahələrində əməkdaşlığı gücləndirməyi hədəfləyən mühüm tədbir idi.

Zirvə “Yeni dünyada yeni Avropa: birlik, əməkdaşlıq, birgə fəaliyyət” mövzusuna həsr olunmuşdu.

Tədbirdə 47 ölkənin dövlət və hökumət başçıları iştirak edirdi.

Qonaqlar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, İtaliyanın Baş naziri Corcia Meloni və onu da deməsək olmaz, Ermənistan Baş naziri Nikol Paşinyan da var idi.

Albaniyanın Baş naziri Edi Rama və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbirə ev sahibliyi edirdi. Zirvə çərçivəsində Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevlə işçi qaydada nahar etdi. Görüşdə Azərbaycan və Albaniya arasında, xüsusilə enerji sektorunda ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin əhəmiyyəti xüsusi vurğulandı.

Zirvədə nədən danışıldı?

Zirvə çərçivəsində aşağıdakı əsas mövzular üzrə plenar və tematik sessiyalar keçirildi:

  • Avropanın təhlükəsizliyi və demokratik dayanıqlığı, xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində.
  • Rəqabət qabiliyyəti və iqtisadi təhlükəsizlik.
  • Mobillik problemləri və gənclərin səlahiyyətləndirilməsi.

Zirvənin əsas xəbərləri

Rusiya əleyhinə sanksiyalar: Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlandığını elan etdi. Bu paket Nord Stream qaz infrastrukturunun qadağan edilməsini, Rusiya kölgə donanmasının siyahıya alınmasını və neftin qiymət həddinin azaldılmasını nəzərdə tutur.

Azərbaycan prezidentinin Nikol Paşinyanla ayaqüstü görüşü: Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında qısa ayaqüstü görüş keçirildi. Toplantıya qatılan Avropa İttifaqı liderləri isə hər iki tərəfi sülh sazişi mətninin razılaşdırılması münasibətilə təbrik etdilər və regionda əlaqələrin inkişafına dəstək verməyə hazır olduqlarını bildirdilər.

Post-Breksit əlaqələri: Böyük Britaniyanın Baş naziri Keir Starmer Avropa İttifaqı liderləri ilə post-Breksit münasibətlərini yenidən qurmaq üçün danışıqlar apardı. Balıqçılıq hüquqları, gənclər mobilliyi və müdafiə əməkdaşlığı bu danışıqlarda əsas müzakirə mövzuları oldu.

Sammit nə ilə yadda qaldı?

ASB-nin 6-cı Zirvə Toplantısı Avropa və qonşu regionlar arasında əməkdaşlığı gücləndirmək, mövcud gərginlikləri azaltmaq və qlobal çağırışlara uyğun siyasət formalaşdırmaq üçün vacib bir platforma oldu. Azərbaycanın bu tədbirdəki iştirakı həm enerji sektorunda, həm də regional sülh prosesində strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.

Mövsüm NOVRUZOĞLU,

AzNews.az