- Hadisə
- 11:51
- 1 916
Biləsuvarda avtomobil kanala aşıb, ölən 5 nəfərdən ikisi qardaşdır
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
Aznews.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Qəzada ölən 5 nəfərdən ikisi qardaşdır.
Kanala aşan “Lexus" markalı minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.
Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.
Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az