Azərbaycanın 16 yaşadək şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar

Azərbaycanın 16 yaşadək şahmatçıları Türkiyənin Qaziantep şəhərində türkdilli dövlətlər arasında təşkil edilən I komanda çempionatının qalibi olublar.

Aznews.az xəbər verir ki, turnirdə 6 dövləti təmsil edən 8 komanda mübarizə aparıb.

Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları qüvvələrini sınayıblar.

Dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.

Azərbaycan komandası 11 xalla çempion adını qazanıb. Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə ikinci yeri tutub. Türkiyə komandası isə üçüncü olub.

Bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.

AzNews.az

image description image description image description image description image description image description