- Siyasi müzakirə
- 20:13
- 2 988
“İran yeni geosiyasi reallıqlarla barışmağa başlayıb” - Hikmət Babaoğlu
“İran–Azərbaycan münasibətlərində İran Prezidenti, hörmətli cənab Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra müəyyən yumşalma tendensiyası müşahidə olunur. İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərlərinin dinamikası da bunu təsdiqləyir. Son günlərdə İranın xarici işlər nazirinin Bakıda olması, həmkarları ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparması, təbii ki, İran–Azərbaycan münasibətlərinə yeni impuls verməklə bağlıdır. Bu mümkün yeni impuls və motivasiya isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlarla əlaqədardır. Təəssüf ki, İran müəyyən dövr ərzində bu yeni reallıqlarla barışmaq istəmədi və sərt bəyanatlarla çıxış etdi. Bu isə iki ölkə münasibətlərinə mənfi təsir göstərdi. Lakin hazırda həmin gərginlik mərhələsinin arxada qaldığını söyləmək mümkündür”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, son dövrlərdə Cənubi Qafqazda geosiyasi dinamika əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklər region ölkələrinin strategiyalarına təsir göstərməklə yanaşı, İranın siyasətində də nəzərəçarpan yeniliklər formalaşdırıb. Tehran əvvəlki illərlə müqayisədə daha praqmatik və balanslaşdırılmış mövqe sərgiləyərək regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verməyə başlayıb. Azərbaycanın artan rolu, Ermənistanla ənənəvi əlaqələr və Gürcüstanla logistika sahəsində əməkdaşlıq İranın Cənubi Qafqaz siyasətinin yeni konturlarını müəyyən edir. Bu kontekstdə Tehranın daha yumşaq tonla hərəkət etməsi həm yeni imkanlar yaradır, həm də diqqətli davranmağı tələb edən riskləri gündəmə gətirir.
Deputat qeyd edib ki, bunun əsas səbəbi İranın yaranmış yeni imkanlar, kommunikasiya xətləri və Azərbaycanın formalaşdırdığı yeni şərtlər fonunda bölgədə yaradılan iqtisadi modelin bir hissəsinə çevrilmək istəməsidir.
“Yəni İran ilk növbədə öz maraqlarından çıxış edir. Bu imkanlardan yararlanmaq üçün isə Azərbaycanla münasibətlərin müəyyən məsələlər üzrə tənzimlənməsi vacibdir. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Bununla yanaşı, Zəngəzur dəhlizinin iş rejimi və açılma şərtlərinə İranın münasibəti hələ də qeyri-müəyyən olaraq qalır. İranın bu proseslərdə səmimi şəkildə iştirak etmək istədiyini düşünmək real görünmür. Çünki İranın Azərbaycana qarşı son illərdə apardığı siyasətin dinamikası bunu deməyə əsas vermir. Azərbaycan isə bütün bunların fərqində olmaqla ehtiyatlı və mümkün risklərə qarşı təminatlı şəkildə hərəkət etməlidir. Nəticə etibarilə, ümumi məntiq və prinsip baxımından İran–Azərbaycan münasibətlərinin inkişaf etməsi zəruridir. Çünki sərhədin o tayında yaşayan soydaşlarımız, dindaşlarımız var. İran öz siyasətində, xüsusilə Azərbaycana münasibətdə, ölkəsində yaşayan azərbaycanlıların maraq, mövqe və rəylərini nə qədər nəzərə alarsa, bir o qədər də münasibətlər daha dərin və daha müsbət inkişaf edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az