- Siyasi müzakirə
- 22:40
- 871
“Ermənistandakı hazırkı gərginliyin kökü keçmiş hakimiyyətlərin strateji səhvləridir” - Pərvanə Vəliyeva
“İşğal dövründə Ermənistan rəhbərliyi beynəlxalq hüququ kobud şəkildə pozaraq destruktiv siyasi xətt yürüdüb və daim kənar xarici qüvvələrə arxalanıb. Sarkisyanın Putinə göndərdiyi məktub isə Ermənistanın həmin dövrdə müstəqil regional aktor olmadığını, daha çox Rusiyanın müdafiəsinə və təzyiq imkanlarına bel bağladığını açıq şəkildə göstərir. Bu yanaşma, regiondakı güc balansının obyektiv deyil, süni şəkildə qorunmasına yönəlmiş siyasətin nümunəsi kimi qiymətləndirilə bilər. Məktubun üzə çıxması həm Ermənistanın o dövrdəki diplomatik xəttini ifşa edir, həm də danışıqlar prosesində qeyri-səmimilik və manipulyasiya cəhdlərini ortaya qoyur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, Ermənistandakı son siyasi gərginliklər yalnız daxili mübarizə deyil, həm də ölkənin keçmiş siyasətinin nəticələrini göstərir. İşğal dövründə rəhbərliyin beynəlxalq hüququ pozaraq kənar güclərə bel bağlaması və regiondakı süni güc balansını qorumağa çalışması, indiki proseslərin əsasını təşkil edir. Hazırkı qarşıdurmada siyasi qüvvələrin kilsədən istifadə etməsi isə dini institutların siyasi məqsədlər üçün alətə çevrilməsi kimi qiymətləndirilir. Bu vəziyyət, həm keçmişdə, həm də indiki siyasətdə qeyri-səmimiliyin, manipulyasiyaların və strateji səhvlərin davam etdiyini açıq şəkildə ortaya qoyur.
Deputat qeyd edib ki, hazırda onların siyasi mövqelərini bərpa etmək üçün kilsənin təsir imkanlarından istifadə etməsi ekspertlər tərəfindən dini institutlardan siyasi məqsədlərlə yararlanmaq cəhdi kimi qiymətləndirilir.
"Baş nazir Nikol Paşinyan baş verənləri “dövlət çevrilişinə cəhd”, “zorakı aksiyaların təşkili” və hüquqi pozuntular kimi qiymətləndirərək müvafiq tədbirlər gördüyünü bildirib. Hazırkı daxili siyasi proseslər Ermənistanda əvvəlki hakimiyyətlərin dönəmində baş vermiş problemləri, o cümlədən regionda gərginliyə səbəb olmuş qərarları, yanlış siyasi kursu və Azərbaycanla bağlı təhrif edilmiş narrativləri yenidən gündəmə gətirir. Ermənistanda gedən siyasi qarşıdurma həm keçmişdə buraxılmış ciddi strateji səhvləri, həm də regionda sabitliyə mane olmuş fəaliyyətləri yenidən diqqət mərkəzinə çıxarır".
Rəfiqə Namazəliyeva,
AzNews.az