- Siyasi müzakirə
- 21:36
- 2 656
“Zəngəzur dəhlizi Ermənistanın deyil, Azərbaycanın qərarından asılıdır” - Azad Məsiyev
“Bildiyiniz kimi, Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu işğalçılıq siyasəti Ermənistanı bir çox regional və beynəlxalq layihələrdən kənarda qoydu. Bakı–Tbilisi–Ceyhan neft kəməri, qaz kəmərləri və digər strateji layihələr Ermənistan ərazisindən keçə bilmədiyi üçün Azərbaycan bu layihələri Gürcüstan üzərindən həyata keçirməyə məcbur oldu. Əgər Ermənistan həmin dövrdə işğalçılıq siyasətindən vaz keçsəydi, bu kimi beynəlxalq layihələr onun ərazisindən keçə bilərdi və bu da ölkənin iqtisadi inkişafına ciddi töhfə verərdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bölgədə yeni siyasi vəziyyət yaratdı. Artıq Azərbaycan regionda tam müstəqil siyasət yürüdən bir dövlətdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib. O bildirib ki, Ermənistan–ABŞ birgə müəssisəsi olan “TRIPP Company” yaxın günlərdə Ermənistanda qeydiyyata alınacaq və şirkətə dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də fiber-optik xətlərin inşası üçün zəruri infrastrukturun inkişafı səlahiyyəti veriləcək. Paşinyanın sözlərinə görə, gələn il layihənin praktiki icrası və tikinti mərhələsinə başlanacaq. Bununla yanaşı, gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan komandasının seçkilərdə məğlub olması halında bu proseslərin necə davam edəcəyinə dair suallar aktuallığını qoruyur.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni siyasi reallığın formalaşmasına səbəb olub.
"Prezident İlham Əliyevin siyasəti nəticəsində bölgədə yeni beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar aparılır. Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizi də məhz bu yeni reallığın tərkib hissəsi kimi gündəmə gəlib. Zəngəzur dəhlizi ilə bağlı iki mühüm sənəd mövcuddur. Bunlardan biri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatıdır. Həmin sənəddə dəhlizin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət edəcəyi qeyd olunur. Digər sənəd isə 8 avqust bəyanatıdır. Bu sənəddən sonra Ermənistan Zəngəzur dəhlizinin ABŞ nəzarətində həyata keçirilməsində maraqlı olduğunu nümayiş etdirir. Çünki Paşinyanı hakimiyyətə gətirən və ona siyasi dəstək verən əsas qüvvələr ABŞ və Qərb dövlətləridir. Ortada iki fərqli sənədin olması vəziyyəti mürəkkəbləşdirir. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, 10 noyabr sənədi hələ də qüvvədədir. Ermənistanın yürüdüyü siyasət nəticəsində Zəngəzur dəhlizi məsələsi dalana dirənib. Bu dəhlizin real şəkildə fəaliyyətə başlaması isə yalnız Ermənistanın növbəti parlament seçkilərindən sonra mümkün görünür. Əgər Paşinyan hakimiyyətdən getsə, yeni gələcək siyasi komandanın Zəngəzur dəhlizinə münasibətinin necə olacağı hələ də sual altındadır. Bununla belə, Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsi birbaşa Azərbaycanın siyasi iradəsindən asılıdır. Coğrafi baxımdan dəhliz Ermənistan ərazisində yerləşsə də, onun həm siyasi, həm iqtisadi baxımdan fəaliyyət göstərməsi üçün Azərbaycanın razılığı və şərtləri əsasdır. Azərbaycanın şərtləri qəbul edilmədən Ermənistan və Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması real görünmür. Bu şərtlərdən biri də Azərbaycanın Naxçıvana təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsidir. Azərbaycan üçün fərqi yoxdur, dəhlizə Rusiya nəzarət edəcək, yoxsa ABŞ. Əsas məsələ Azərbaycanın şərtlərinin qəbul edilməsidir. Əks halda, bu istiqamətdə əməkdaşlıq mümkün olmayacaq. Azərbaycanın alternativ nəqliyyat imkanları mövcuddur: İranla Araz dəhlizi üzrə danışıqlar gedir, həmçinin Azərbaycanın Gürcüstan üzərindən dünya bazarlarına çıxış imkanları kifayət qədər genişdir. Ermənistanın gələcək siyasi və iqtisadi taleyi ilk növbədə qonşuları xüsusən də Azərbaycan və Türkiyə ilə quracağı münasibətlərdən asılıdır. Ermənistan, istər Paşinyanın rəhbərliyi altında, istər başqa bir siyasi komandanın dövründə, əgər suveren və sabit bir dövlət kimi fəaliyyət göstərmək istəyirsə, qonşularla münasibətlərini bərpa etməli, normal qonşuluq prinsipinə əməl etməlidir. Əks halda, erməni siyasi elitasının avantürist yanaşmaları nəticəsində yenə ən böyük zərəri Ermənistanın özü görəcək. Zəngəzur dəhlizi Azərbaycanın şərtləri qəbul ediləcəyi halda beynəlxalq kommunikasiya layihələrinin mühüm hissəsinə çevrilə bilər və bundan Ermənistan da ciddi iqtisadi fayda əldə edə bilər. Bu isə birbaşa Ermənistanın Azərbaycanla münasibətlərinə bağlıdır. Bu gün Azərbaycan regionda sabitlik yaradan dövlət kimi çıxış edir. Azərbaycan tam suveren siyasət yürüdür və balanslaşdırılmış xarici siyasət nəticəsində həm regional, həm də qlobal güclərin maraqlarını uzlaşdırır. Məhz bu sabitlik sayəsində Orta Dəhliz, Şimal–Cənub dəhlizi və bir çox beynəlxalq layihələr Azərbaycan ərazisindən keçərək reallaşdırılır. Ermənistan isə ABŞ və Avropa ilə əməkdaşlıq adı altında bölgədə zaman-zaman sabitliyi pozan addımlar atır. Bu əməkdaşlığın bəzi məqamları açıq şəkildə Azərbaycan əleyhinə yönəlir. Avropa İttifaqının bəzi dairələrinin son açıqlamaları, Qarabağdan köç etmiş ermənilərlə bağlı verilən bəyanatlar göstərir ki, Qərbin bölgədəki siyasəti bəzən gərginliyi artırmağa hesablanır. Bu cür yanaşmalar Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsini də çətinləşdirir. Əgər Ermənistan Azərbaycanla düşmənçilik siyasətindən əl çəkməsə və əsassız ərazi iddialarını davam etdirsə, Azərbaycanın nəqliyyat-kommunikasiya layihələrinin Ermənistan üzərindən keçməsinə razılıq verməsi real olmayacaq. Nəticə olaraq, Zəngəzur dəhlizinin reallaşması birbaşa Azərbaycanın siyasi iradəsinə və Ermənistanın Azərbaycanın şərtlərini qəbul edib-etməməsinə bağlıdır. Azərbaycanın şərtləri qəbul edilməzsə, Ermənistanın regional kommunikasiya layihələrindən təcrid olunması davam edə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az