İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

AzNews.az "Report"a istinadən xəbər verir ki, mərasimdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud festivalda çox sayda xarici qonaqların iştirak etdiyini vurğulayıb:

"İldən-ilə bu festival daha da böyüyür. Festivalın təşkili olduqca önəmlidir, bununla xalçaçılıq mədəniyyətini qoruyub gələcək nəsillərə ötürürük".

Tədbirdə çıxış edən "Azərxalça" ASC İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, üçüncü dəfə keçirilən bu festival Azərbaycan Xalçaçılıq Gününə təsadüf edir:

"Məqsədimiz mədəni irsimizi qorumaqdır. Xalçaçılıq yalnız eksponat olmamalıdır. Bölgələrimizdə aktiv emalatxanalar və 500-ə yaxın toxucumuz var. İşçilərimizin 85 faizi kənd qadınlarıdır. Bu sənəti yaşatmaq hər birimizin borcudur".

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev öz növbəsində vurğulayıb ki, ölkədə xalça və xalça məhsullarının ixracı önəmlidir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu qeyd edib ki, xalçaçılıq Azərbaycan xalqının misilsiz sənətidir:

"Dünyada ilk xalça muzeyi Bakıda yaradılıb. Nə qədər Azərbaycan xalqı varsa, xalçaçılıq sənəti də var olacaq".

Tədbir mədəni hissə ilə davam edib.

12:15

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir.

AzNews.az PhotoStock.Az-a istinadla xəbər verir ki, festival çərçivəsində İçərişəhərin tarixi küçələri xalça sərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edir.

Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulan milli pavilyonlarda təqdim edirlər. Bundan əlavə festival çərçivəsində bir neçə məşhur xarici və yerli rəssamın sərgiləri də keçirilir.

"Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Qeyd edək ki, Beynəlxalq Xalça Festivalı üçüncü dəfədir İçərişəhərdə keçirilir.

image description image description image description