İlham Əliyev: Azərbaycan öz inkişafını, gələcəyini milli köklər üzərində quran ölkədir

Ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır

"Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur".

AzNews.az xəbər verir ki, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident ənənəvi dəyərlərin bizim üçün ən böyük sərvət olduğunu vurğulayıb:

"Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir".

AzNews.az