Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur
  • Paytaxt
  • 5 Dekabr 2019 17:35
  •  3 196

Prezidentdən 3 mühüm SƏRƏNCAM

Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur

Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur.

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.

Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

***

Prezident İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm etmişdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

***

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzNews.az