Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var
  • Paytaxt
  • 25 Sentyabr 2020 01:15
  •  4 556

"İşğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır”

Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var

“Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”.

AzNews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib: “Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilib. İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir”.

Prezident əlavə edib ki, Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir: “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var.

Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!

Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla qarşılaşmaqda davam edir. Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş vermişdir, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalmışdır.

Ermənistanda insan hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edilir. Ermənistanda faktiki olaraq diktatura qurulub.

Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Toxunulmazlığa sahib olmaqlarına baxmayaraq, parlament deputatları saxlanılır”.