Prezidentin dünənki çıxışı BMT-nin rəsmi saytında

Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb

Prezident İlham Əliyevin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı qurumun rəsmi saytında yerləşdirilib.

AzNews.az-ın məlumatına görə, dövlət başçısı çıxışında bir daha xatırladıb ki, Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Bundan əlavə, Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyini, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratdığını bildirib.

İlham Əliyev, həmçinin qeyd edib ki, Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir:

“2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilib, 26 mülki vətəndaş isə yaralanıb. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirib və işğal olunmuş torpaqların bir hissəsini azad edib.

2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirilib.

2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atıb. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olub, mülki infrastruktura isə ciddi zərər dəyib.

Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar.

Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu”.