Dövlət Agentliyi yol verdiyi nöqsanlara görə QHT-yə xəbərdarlıq edib

"Dəfələrlə həmin ictimai birliyin rəhbərliyinə xəbərdarlıq məktubları göndərilib"

2020-ci ildə müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının idarə edilməsi sahəsində fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatlarına hər cür metodiki və hüquqi yardım göstərilib, fəaliyyət sahələri üzrə qarşılaşdıqları problemlərin həllinə köməklik edilib, bütövlükdə kollektiv idarəetmə sahəsi Əqli Mülkiyyət Agentliyinin fəaliyyətində diqqət mərkəzində saxlanıb.

Bu, Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bununla yanaşı, bu sahədə mövcud olan çatışmazlıqlar və kollektiv idarəetmə təşkilatlarının, xüsusən musiqili əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin fəaliyyətində yol verilən nöqsanlar, ictimai birliyin fəaliyyətinin şəffaf və səmərəli olmaması, infrastrukturunun köhnə və rəqəmsal dövrün tələblərinə cavab verməməsi dəfələrlə birliyin rəhbərliyinin nəzərinə çatdırılıb, həmçinin ictimai birliyin mövcud qanunvericilik aktlarına uyğun olaraq, akkreditasiyadan keçməsi tələb edilib.

"Buna baxmayaraq, sözügedən ictimai birlik lazımi nəticə çıxarmayıb, akkreditasiya üçün tələb olunan sənədləri bu günə qədər təqdim etməyib. Həmçinin birliyin son illər fəaliyyətinin yekunları barədə hesabatlarını davamlı olaraq ya çox gec və keyfiyyətsiz təqdim edib, ya da ümumiyyətlə, təqdim etməyib. Bununla əlaqədar, dəfələrlə həmin ictimai birliyin rəhbərliyinə xəbərdarlıq məktubları göndərilib", - hesabatda vurğulanıb.

Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə qonorarın yığılması sahəsində əməkdaşlıq edilməsi məqsədi ilə ötən il imzalanan Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ilə "Azərbaycan Professional Kinorejissorlar Gildiyası" arasında əməkdaşlıq sazişinə uyğun olaraq, birgə fəaliyyət istiqamətləri müəyyən edilib və həmin təşkilatla bir sıra tədbirlər həyata keçirilib.

Kollektiv idarəetmə təşkilatları tərəfindən 2020-ci ilə görə müəlliflər üçün yığılmış qonorarın həcmi barədə müvafiq informasiyalar təqdim edilmədiyinə görə, onların il ərzində yığdıqları qonorar barədə məlumat bu hesabatda öz əksini tapmayıb: "Bununla yanaşı, kollektiv idarəetmə təşkilatları ilə əhatə olunmayan sahələrdə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi və istifadəyə görə onlar üçün qonorar yığılması işi təşkil olunmuş, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, kollektiv idarəetmə təşkilatları ilə dövlət orqanları arasında əlaqələrin inkişafı, müəllif-hüquq subyekti kimi onların fəaliyyətinə dövlət nəzarətinin formaları və hüquqi əsaslarının təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət davam etdirilib". (report)

AzNews.az