- Müşahidə məntəqəsi
- 17:00
- 691
Magistratura diplomu karyeranı xilas edirmi? İşəgötürənlərin BAXIŞ BUCAĞI
"Qeyd edim ki, magistratura təhsilinə müraciət edənlərin sayında ildən-ilə artım müşahidə olunur. Müraciət edənlər arasında oğlanların say üstünlüyü var. Bunun səbəblərindən biri hərbi xidmətlə bağlı möhlət əldə etmək istəyidir. Bununla yanaşı, magistratura təhsilini həqiqətən davam etdirmək istəyənlər də az deyil. Bəzi şəxslər ixtisaslarını dəyişmək, xüsusilə MBA proqramlarında təhsil almaq, digərləri isə gələcəkdə elmi tədqiqatlarla məşğul olmaq məqsədilə magistraturaya üz tuturlar. Həmçinin əmək bazarında daha geniş imkanlar əldə etmək və magistr diplomunun karyeralarına verə biləcəyi üstünlüklərdən yararlanmaq istəyənlər də var".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Xatırladaq ki, Azərbaycanda magistratura təhsilinə maraq davam etsə də, bu pillənin əmək bazarında real üstünlük yaradıb-yaratmadığı müzakirə mövzusudur. Bəzi ixtisaslarda magistr dərəcəsi karyera yüksəlişi və müəyyən vəzifələrə qəbul üçün əhəmiyyət daşıdığı halda, digər sahələrdə işəgötürənlər praktiki təcrübəyə, peşəkar bacarıqlara və iş nəticələrinə daha çox üstünlük verirlər. Bu isə gənclər arasında magistratura təhsilinin zəruriliyi ilə bağlı suallar yaradır. Xüsusilə təhsil müddətinin və xərclərinin gələcək karyeraya nə dərəcədə təsir etdiyi diqqət çəkir.
Ekspert bildirib ki, magistraturaya konkret karyera hədəfi olmadan, sadəcə diplom əldə etmək və təhsilini davam etdirmək məqsədilə müraciət edənlər də var.
"Bu kateqoriyaya daxil olanların bir hissəsi, əsasən, hərbi xidmətlə bağlı möhlət əldə etməyi və magistr diplomu qazanmağı hədəfləyən oğlan bakalavrlardır. Digər tərəfdən, elmi fəaliyyətini davam etdirmək istəyən şəxslər üçün magistratura mühüm əhəmiyyət daşıyır. Belə ki, doktorantura təhsili almaq və elmi tədqiqatlarla məşğul olmaq istəyənlər üçün magistratura mərhələsi zəruridir. Hesab edirəm ki, hər hansı maraq və ya konkret karyera məqsədi olmadan magistratura təhsili almaq düzgün yanaşma deyil. Çünki bu, şəxsə əlavə üstünlük qazandırmaya bilər. Üstəlik, yalnız diplom əldə etmək məqsədilə magistraturaya qəbul olmaq həmin sahəyə həqiqətən maraq göstərən və təhsilini davam etdirmək istəyən şəxslərin imkanlarını da məhdudlaşdıra bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az