- Müşahidə məntəqəsi
- 8 Oktyabr 13:24
- 596
Azərbaycançılıq məfkurəsi və milli dövlətçilik: Geopolitik müstəqilliyin ideoloji təməli
Bir dəyişilməz həqiqət var:
Azərbaycana günəş Azərbaycandan doğur!
İkinci həqiqət:
Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin, qələbələrimizin və qüdrətimizin işıqlı yoludur! İdeoloji təhlükəsizliyimizin qarantıdır.
Mən bunları bütün əsərlərimdə yazmışam. Bəzən bunlara başını bilməyərəkdən bulayan, bilərəkdən “yallanan” “ideoloqlar” olub.
Tarix, indi göstərir, gələcək də göstərəcək ki, biz haqlıyıq.
27 sentyabr 2020-ci ilə qədər Azərbaycan üçün xarici faktorları təsbehə bənzətsək:
Onun muncuqları:
İran – bitərəf qalmalıydı,
Gürcüstan – bitərəf qalmalıydı,
Türkiyə – yanımızda olmalıydı,
Pakistan – yanımızda olmalıydı,
Amerika, İngiltərə – səssiz olmalıydı,
Fransa – zəvzəsə də, zəncirini qırmamalıydı,
Yaxın Şərq ölkələri – sakitcə təsbeh oynatmalı,
Bizə qarşı kim varsa – gözünü döyməliydi.
Bu muncuqlar bir yerə yığılmalı, onun başı – Rusiya isə öz yerinə taxılmalıydı.
İlham Əliyev məharətlə bu muncuqları beynəlxalq hüquq, təşkilatlardan ibarət sapa düzə bildi. Onlar öz-özünə düzülmədi!
İndiki vəziyyətdə:
Qələbəmizə, ölkəmizə əl uzatmaq istəyənlərə qarşı O nə etməlidir?
Teorem isbatı kimi əksini düşünək:
Prezident nə deməliydi?
Deməliydi ki, hamı bizim yaşam tərzimizə, dilimizə, milli kimliyimizə qarışmalıdır?
Bizi himayə etməlidir?
Qələbələrimizi şəhidlərə, xalqımıza deyil, filan ölkənin bizə “bağışladığı” silahlara borcluyuq?
Tarix göstərdi ki, dağ alçası kimi zəy, ağız büzənlər həmişə olub, amma nəyi, nə vaxt, necə etməyi, necə deməyi İlham Əliyev “günəş saatı” kimi daha dəqiq bilir.
Bir dəqiqə gecikmir, ya tələsmir.
Və bu dəqiqlik, sərrastlıq Azərbaycan dövlətinin və xalqının maraqları çərçivəsində işləyir.
Ümumiyyətlə, Azərbaycanın milli maraqlarına toxunanda onun gözü dönür, kim olur-olsun, hansı dövlət olur-olsun, fərq etmir.
Rusiya səmasında Azərbaycan təyyarəsi vurulanda onun “gözü dönmədi”?
“Putinin adamıdır, ondan çəkinir” deyib zəhər dadanlar necə oldu?
“Heç vaxt müharibə etməz, çəkinir, icazə almalıdır, istəmir” ifraz edənlər necə oldu?
İsmayıl Kəbəni qoruyan kimi O Azərbaycanın müqəddəs maraqlarını qoruyur.
Azərbaycan qələbələrini özü qazanıb: xalq, dövlət, şəhid və qazilərimiz.
Heç kəsə, heç kimə borclu deyilik.
Hansı dövlət, mərkəz, şəxs yanımızda və ya qarşımızda olubsa, öz maraqları üçün olub.
Əgər belə deyilsə, Xocalıda mənim xalqımın uşaqları köməksiz vəziyyətdə öldürüləndə, dərisi soyulanda qoça-qoca dövlətlər, yetkin gizli servisləri olan təşkilatlar harada idi?
O zaman Azərbaycanı batan gəmi kimi görüb heç kim minmirdi.
Sonra Azərbaycan region və dünya siyasəti, iqtisadiyyatı, qüdrət okeanlarında “Titanik” kimi üzəndə hamı doluşdu o gəmiyə.
Dünyanın bivec, “dişsiz” ölkələrindən ibarət Qoşulmama Hərəkatına da Azərbaycan protez diş saldı, diriltdi.
Hərdəmxəyal, İslam dünyasının həyati məsələlərinə, Qarabağ boyunca 30 il məscidlərimizdə donuz saxlanılmasına xəstə kimi gözünü döyüb baxan ölkələrin İslam təşkilatına da Azərbaycan can verib, sağaltdı.
Şərqdən Qərbə yayılmış Böyük Türk torpaqlarında dünya güc mərkəzlərinin, kapital sahiblərinin dirijorluğu ilə yallı gedən Türk dövlətlərini də Azərbaycan bir yerə yığıb öz türkülərini oxumağın vacibliyini anlatdı.
Azərbaycan 50 milyonluq azərbaycanlının ata ocağı, 200 milyonluq Türkün təəssüb, birlik dağı, 8 milyardlıq dünyanın insanlıq, ədalət və qürur, sülh yaylağıdır.
Azərbaycan yalnız müstəqil dövlət deyil, ləyaqətlə qonşuluq edən, dünya dövlətlərinə qarşı beynəlxalq hüquq, ədalət meyarları ilə yanaşan, Sözü bütöv, köməyi realist dövlətdir.
Hansı ki, bəzi hallarda xəyanətlər, laqeydliklər görüb.
Azərbaycan dövlətinin, xalqının maraqları bütün vətəndaşlar, dünya azərbaycanlıları üçün, özünü əsl türk sayanlar üçün müqəddəsdir!
O maraqlarda, o bayraqda şəhid qanı, tariximizin qüruru, ləyaqətli nöqtələri vardır.
Hamı ona hörmətlə yanaşmalıdır!
Sadiq Qarayev