İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib - YENİLƏNİB

Danışıqların rəsmi hissəsi çərşənbə günü aparılacaq

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş beş saat davam edib.

Məlumatı “BelTA” yayıb.

“Aleksandr Lukaşenko Bakıya gəldikdən dərhal sonra azərbaycanlı həmkarı ilə görüşə gedib. Prezidentlər təxminən Bakı vaxtı ilə 19:00-da görüşüb, qeyri-rəsmi danışıqlar gecə yarısına qədər davam edib.

Liderlərin hansı məsələləri müzakirə etdikləri hələ məlum deyil. Ancaq bundan əvvəl, Belarus Prezidentinin mətbuat xidməti dövlət başçılarının Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini nəzərdən keçirəcəklərini bildirmişdi”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, liderlər arasında danışıqların rəsmi hissəsi aprelin 14-də keçiriləcək. Prezidentlərin görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə keçiriləcək. Əsas diqqət qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldiləcək.

Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Onlar həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq mövzularına da toxunacaqlar.

Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

20:40

Azərbaycan və Belarus prezidentlərinin ilk görüşü qeyri-formal şam yeməyi formatında təşkil olunub.

Məlumatı Belarus dövləti başçısının Mətbuat xidmətinə istinadən "BelTA" yayıb.

Agentliyin qənaətinə görə, təcrübə göstərir ki, bəzən bu cür danışıqlar vaxtı rəsmi iclaslarda olduğundan daha çox məsələni həll etmək olur.

"Qeyri-formal şəraitdə dövlət başçıları Belarus - Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər",-deyə dövlət başçısının Mətbuat xidmətindən daha əvvəl verilən məlumatda bildirilib.

Məlumata görə, danışıqların rəsmi hissəsi çərşənbə gününə nəzərdə tutulub.

AzNews.az