Ombudsman Aparatında iclas keçirilib

İclasda insan hüquqlarının müdafiəsi sahəsində cari ilin altı ayı ərzində görülmüş işlər barəsində Müvəkkilə məruzələr edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2021-ci ilin birinci yarısında Ombudsman Aparatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Ombudsman Aparatından Aznews.az-a bildirilib ki, iclasda insan hüquqlarının müdafiəsi sahəsində cari ilin altı ayı ərzində görülmüş işlər barəsində Müvəkkilə məruzələr edilib.

Hesabat dövründə müxtəlif əhali qruplarının pozulmuş hüquqlarının bərpası məqsədilə ərizə və şikayətlərə yüksək qayğı və həssaslıqla yanaşılaraq həlli məqsədilə zəruri tədbirlərin görüldüyü, mili preventiv mexanizm çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə başçəkmələrin həyata keçirildiyi, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mülki şəxslərə və obyektlərə qarşı törətdiyi təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mütəmadi olaraq faktaraşdırıcı missiyaların aparıldığı, aidiyyəti beynəlxalq qurumlara bununla bağlı hesabat, müraciət, bəyanat və məktubların ünvanlandığı bildirilib.

İclasın sonunda Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli və effektiv şəkildə müdafiəsini təşkil etmək məqsədilə struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.