Elnur Məmmədov Paraqvay Senatının sədri ilə görüşüb

XİN məlumat yayıb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvay Senatın sədri Oskar Salomon, Senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, Xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar.

E.Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüş keçirib.

Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay Parlamenti tərəfindən Xocalı soyqırımın tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib.

Görüşdə həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.