SABAH qruplarının buraxılış mərasimi keçirilib

Nazir çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb

Heydər Əliyev Mərkəzində “SABAHın məzunu2022” mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub.

Təhsil naziri Emin Əmrullayev qeyd edib ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkənin gələcəyini təmsil edir: "Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub. SABAH-ın əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir. SABAH qrupları gənclər üçün bir çox imkanlar açır. Bu imkanlar digər həmyaşıdlarına nisbətən çoxdur və bunu mütləq şəkildə geri qaytarmaq lazımdır".

O bildirib ki, düzgün insani dəyərlərə malik olmaq ən vacib amillərdəndir: "SABAH qruplarının məzunlarının 50 %-dən çoxu işlə təmin olunur. Bu ildən xaricdə təhsil proqramının növbəti layihəsi təsdiqlənib və SABAH məzunları üçün magistratura səviyyəsi üzrə xüsusi güzəştlər nəzərdə tutulub. Ümid edirəm ki, onlar bu fürsətdən yararlana biləcəklər".

Nazir çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Daha sonra universitet rektorları ən yüksək göstəriciləri ilə fərqlənən SABAH-ın məzunlarını təltif edib.

SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.

Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2 400-dən artıq tələbəni əhatə edir. 2021-2022-ci tədris ili üzrə SABAH qruplarının məzunlarının sayı 830 nəfərdir. (Report)

image description image description image description