Müctəba Xamenei: “İran ilahi hesablamalara görə dünyanın ən güclü dövlətidir”

İranın ali lideri Müctəba Xamenei “ilahi hesablamalar” adlandırdığı yanaşmaya əsasən İranı dünyanın aparıcı gücü kimi təqdim edib. O, ölkə üzrə silahlı qüvvələrin döyüş hazırlığına diqqət çəkərək, bazar ertəsi düşmən qüvvələrinin İranın yaxınlığındakı sulardan geri çəkildiyini bildirib.

“Bu gün bəziləri bizi dünyanın dördüncü supergücü hesab edir”, - deyə İran İslam Respublikasının lideri yazıb. O əlavə edib ki, “pak nəsil” adlandırdığı dəyərlərə sadiq olan və “həqiqəti müdafiə etməkdən” çəkinməyən ölkə “ilahi hesablamalara görə” dünyanın ən güclü dövləti sayılır.

Xamenei yazıb ki, düşmən qüvvələri İran döyüşçüləri və “Hörmüz boğazının müdafiəçiləri” tərəfindən “ağır zərbələr” aldıqdan sonra artıq Ərəbistan dənizindən irəli gedə bilmirlər.

“Tezliklə Ərəbistan dənizinin də onlardan təmizlənəcəyi vaxt gələcək”, - deyə Xamenei əlavə edib.

O, həmçinin 30 milyondan çox iranlının “özünü qurban verməyə hazır olduğunu elan etdiyini” və 500 min nəfərlik təşkilati səfərbərlik üçün nəzərdə tutulan kontingentin ilk 100 dəqiqə ərzində tam dolduğunu bildirib.

Həsən Nəsrullahın ölümünün ikinci ildönümü münasibətilə açıqlama verən Xamenei keçmiş “Hizbullah” liderini “ərəblərin qəhrəman əmiri” adlandırıb və onun bayrağının hazırda Naim Qasim tərəfindən daşındığını, Qasimin “Hizbullah” sıralarının başında onun yolunu davam etdirdiyini yazıb.

Mövsüm,

AzNews.az