Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışıb

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov 1 nəfər əməkdaşın şəhid olduğu və 2 nəfər əməkdaşın yaralandığı İrandakı səfirliyimizə olan terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək İran tərəfinin Səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə bir daha xatırlanıb.

İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb olunub.

İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına baş sağlığı diləklərini çatdırıb. İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

Saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.

Bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə İran naziri tərəfindən ümid ifadə olunub.