• Paytaxt
  • 7 Aprel 2023 16:24
  •  3 923

İran səfirliyinin “persona-non-qrata” elan edilən əməkdaşları Azərbaycanı tərk edib

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.

Aznews.az "Report"-a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.

Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.

Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər.

Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.