• Paytaxt
  • 28 May 2023 18:23
  •  4 173

Deputat Azərbaycan xalqını təbrik etdi

Şərq və müsəlman dünyasında ilk hüquqi, demokratik, dünyavi dövlət kimi meydana gələn Azərbaycan Xalq Cümhuriyyətinin bu gün doğum günüdür. Bu münasibətlə ölkə prezidenti Möhtərəm, Cənab İlham Əliyev başda olmaqla dəyərli 50 milyonluq xalqımızı ürəkdən təbrik edirəm. Xalq Cümhuriyyəti xarici müdaxilə və Azərbaycanın işğalı nəticəsində süquta uğrasa da onun qısa zaman kəsiyində həyata keçirdiyi və dövlət müstəqilliyimizə xidmət edən addımları xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Ölkəmiz işğala məruz qalandan və cümhuriyyətimiz süquta uğradıqdan sonra müstəqillik ideyalarını düşüncələrimizdən və qan yaddaşımızdan silmək mümkün olmadı. Ən çətin anlarda belə xalqımızın müstəqilliyini düşünən hər bir soydaşımız dövlət müstəqilliyimizin bərpa olunması üçün ən müxtəlif səviyyələrdə mübarizəkələrini davam etdirmişlər.

Nəhayət 90 - cı illərin əvvəllərində dövlət müstəqilliyinə nail olduq və indiki müstəqil Azərbaycanı 1918 - ci il Mayın 28 - də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdik. Dövlət müstəqilliyimiz təhlükə qarşısında qalanda tarixin nadir şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyev xalqımızın iradəsinə söykənərək əldə etmiş olduğumuz müstəqilliyimizi qoruyub - saxladı və müasir Azərbaycan dövlətinin təməlini qoydu. Bu gün artıq müstəqilliyimizin uğurlu nəticələrini görməkdəyik. Torpaqlarımız erməni işğalından azad edilmiş, azad olunmuş torpaqlarımızda quruculuq və bərpa işləri yüksək sürətlə davam etməkdədir. 44 günlük Zəfər müharibəsi bizi qalib dövlətə və qalib millətə çevirdi. Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyəti, unikal sərkərdəlik bacarığı, mahir diplomat keyfiyyətləri və yüksək intelekti bizi əbədi olaraq qalib dövlətə çevirdi. Biz bu gün çox böyük məmnuniyyətlə müstəqilliyimizin növbəti ilini qeyd edirik. Bu əziz gün münasibətilə dəyərli xalqımızı bir daha təbrik edir, dövlətimizə, xalqımıza ucalıq diləyirəm.

Dərin hörmət və ehtiramla

Fəzail Ağamalı,

Millət Vəkili, Ana Vətən partiyasının sədri.

28 May 2023 - cü il