Paraqvay səfiri: Biz Azərbaycanda fəxri konsulluq açmaq istəyirik

Paraqvay Azərbaycanda fəxri konsulluq açmaq istəyir.

Aznews.az xəbər verir ki, bunu Paraqvayın Azərbaycandakı qeyri-rezident səfiri Xose Luis Seferino (Jose Luis Ceferino Adrian Valdez Peralta) bildirib.

Səfir deyib ki, Paraqvay bütün sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək, bu məqsədlə də, ilk növbədə, diplomatik əlaqələri genişləndirmək niyyətindədir:

“Biz öncə Azərbaycanda fəxri konsulluq açmaq istəyirik. Gələcəkdə isə rəsmi səfirliklər də fəaliyyətə başlaya bilər”.

Paraqvayla Azərbaycanın ticarət sahəsində də prioritetlərini açıqlayan səfir iki ölkə arasında məhsul mübadiləsinin mümkünlüyündən danışıb:

“Biz ümumiyyətlə iş imkanlarından da faydalanmaq istəyirik. Paraqvayın gəlir mənbəyi dana əti, soya paxlası, enerji ixracı, qarğıdalı və düyüdür. Paraqvayda 7 milyon insan yaşayır, lakin biz 18 milyon insana məhsul ixrac edirik. Azərbaycandan isə gübrə, neft məhsulları, xırdabuynuzlu heyvan almaq planlanır” deyən səfir növbəti dəfə Bakıya rəsmi səfərində yerli biznesmenlərlə işgüzar görüşlər keçirməyi planlaşdırdığını vurğulayıb:

“Biz Azərbaycandan olan iş adamları ilə əməkdaşlıq etmək istəyirik”.

O, Azərbaycanla Paraqvay arasında təhsil sahəsində də təqaüd proqramına önəm verildiyini qeyd edib: “Hazırda Paraqvay universitetləri Azərbaycan universitetləri ilə əməkdaşlığa hazırdır. Bu sahədə mübadilə proqramını rəsmi olaraq qurmaq yaxşı olardı”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.